İbrahim Raisidən gözləntilər: “Bakı və Ankara ilə gərginlik...”

“İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil”

“Amma başqa bir məsələ də var: bundan sonra Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin maraqlarına uyğun hərəkət edəcək”

“Beləliklə, Ermənistanın Azərbaycanla, Türkiyə ilə münasibətlərinin istiləşməsi fonunda İranla arasında soyuqluq yaranacaq”


Məlum olduğu kimi, İranda prezident seçkiləri başa çatıb. İbrahim Raisi 17 milyon 926 min 345 səslə qalib gəlib. Bir çox ekspertlərin fikrincə, bu, ölkənin və regionun gələcəyi üçün yaxşı nəsə vəd etmir.

 Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev İranın bundan sonrakı “geosiyasi taleyini” “Sherg.az”a şərh etdi: 

“Mən həmin siyasətçisini şəxsən tanıyıram. Qatı mühafizəkardır. Prezident kimi özünü necə aparacağını bilmirəm. Amma ABŞ-ın “qara siyahısı”ndakı adamlardan biri olduğu və “person-non-qrata”elan edildiyi aydındır.

Qərbin İrana qarşı yeni sanksiyalar tətbiq edib-etməyəcəyini dəqiq deyə bilmərəm. Lakin İsrail çox narahatdır. Bu dövlət nüvə silahının tətbiqi ilə bağlı İrana qarşı sanksiyaları gündəmə gətirib. Yəni bütün hallarda ABŞ-İran münasibətləri yaxşılaşmayacaq”.

C.Nuriyev yeni prezidentin regionla bağlı siyasətindən də söz açdı:

 “İbrahim Raisinin qatı mühafizəkar olması  daxildə ona qarşı mənfi imic yaradıb. Təsadüfi deyil ki, Raisi indiyədək ən az səslə qalib gələn liderdir.

Bundan sonra rəsmi Tehranın Azərbaycan və Türkiyə ilə münasibətləri dəyişməyəcək, əksinə, bir az da gərginləşəcək. İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil.

Amma başqa bir məsələ də var: bundan sonra Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin maraqlarına uyğun hərəkət edəcək. Beləliklə, Ermənistanın Azərbaycanla, Türkiyə ilə münasibətlərinin istiləşməsi fonunda İranla arasında soyuqluq yaranacaq. Yəni Ermənistanla İran bir-birilərindən uzaqlaşacaq. Lakin İran qonşu dövlət kimi heç vaxt bizimlə səmimi olmayıb və bundan sonra da olmayacaq”.