“Ermənistan ictimai-siyasi böhrana sürüklənəcək” - Kataklizmlər!

"Ermənistan növbədənkənar parlament seçkilərinə siyasi xaos və qarşıdurma şəraitində getdi". 
Bu fikirləri politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında deyib. O qeyd edib ki, təbliğat-təşviqat mərhələsində baş verənlər – hakim və müxalif qüvvələrin bir-birinə qarşı ittihamları, etiraz aksiyaları və s. gərginliyin pik həddə çatmasını şərtləndirdi: 

"Seçki kampaniyası ərəfəsində siyasi qüvvələr tərəfindən səsləndirilən fikir və bəyanatlar xüsusilə iki məqamın üzərinə işıq saldı. Birincisi, bu ölkədə hələ də siyasi sistem təşəkkül tapmayıb, siyasi mədəniyyət yalnız kağız üzərindədir. İkincisi, beynəlxalq arenada asılı dövlət kimi tanınan forpost Ermənistanda hələ də siyasilərin təfəkküründə müstəqillik ideyası yoxdur. Onlar hansısa xarici geopolitik mərkəzlərə bağlı olduqlarını bəyan etməklə özlərini önə çıxarmağa və siyasi xal qazanmağa çalışırlar. Bu isə Ermənistanın dövlət suverenliyinin olmamasının, de-yure müstəqilliyinin isə formal xarakter daşımasının təsdiqidir". 



Seçkilərin nəticələrinə gəlincə, politoloq əlavə edib ki, bununla bağlı müxtəlif proqnozlar və ictimai sorğu təşkilatlarının fərqli rəyləri ifadə olunur: 

"Düşünürəm ki, şanslı olan tərəf Nikol Paşinyan cəbhəsidir. İctimai reaksiyalar, müxalifətin davranışları, eləcə də bəzi geosiyasi mərkəzlərin yanaşması məhz məğlub Ermənistanın növbəti müddət üçün də Qərb dairələrinə bağlı olan Paşinyanın komandası tərəfindən idarə olunacağını göstərir. Doğrudur, bu seçkilərin nəticələri Nikolun təkbaşına hökumət qurmasına imkan verməyə, koalisiya yaratmaq zərurətini ortaya çıxara bilər. Amma təkrar seçkilərin nəticəsində Paşinyanın yenidən hakimiyyətə yiyələnəcəyini proqnozlaşdırmaq çətin deyil. Hərbi-siyasi cinayətkar Koçaryandan isə bəlli xarici güc mərkəzləri tərəfindən Ermənistanda “ana müxalifət” obrazı kimi istifadə ediləcəyi aydındır. Beləliklə, hazırkı situasiya deməyə əsas verir ki, 21 partiya və 4 blokun qeydiyyatdan keçdiyi seçkinin nəticələrindən asılı olmayaraq, Ermənistan yeni siyasi kataklizmlərə, ictimai-siyasi böhrana sürüklənəcək. Qalib gələcək tərəfin öz rəqiblərinə qarşı siyasi-hüquqi təqiblərə başlayacağı, məğlubların isə etiraz aksiyaları təşkil edəcəyi, vətəndaş itaətsizliyi aksiyalarının yenidən start götürəcəyi proqnozlaşdırılandır. Bir sözlə, məğlub ölkədə məhkəmələr və küçə- meydanlar yenidən siyasi mübahisə obyektinə çevriləcək".