Xəbər verdiyimiz kimi, dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Paşinyanın partiyası 53,92 faiz səslə (687 251 seçici) qalib gəlib. Əslində seçkinin nəticələri Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsidir. Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artdı. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrildi.
Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qaldı. Ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü.
Ermənistandakı mövcud durumu “Sherg.az”a şərh edən millət vəkili Cavid Osmanov bildirib ki, Prezident İlham Əliyev tərəfindən davam həyata keçirilən siyasət nəticəsində Ermənistan işğalçılıq faktına görə dalan bir dövlətə çevrildi:
“Bölgədəki bütün layihələrdən təcrid olunan Ermənistanın günü-gündən iqtisadi durumu ağırlaşdı. Ötən ilin 27 sentybarında başlanan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz parlaq qələbə qazandı. Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bunun fonunda Ermənistanda mürəkkəb vəziyyət yarandı, ölkədə dərin böhran hökm sürdü. Gün keçdikcə mövcud böhranlar daha da dərinləşdi. İqtisadi, siyasi, hərbi və digər sahələrdə vəziyyət pisləşdi.
Bu zaman Ermənistan məcburən növbədənkənar parlament seçkiləri keçirdi. Paşinyan qalib gəldi və əlbəttə, bu bir daha onu göstərir ki, artıq 30 il müddətində erməni xalqı Ermənistanın işğalçılıq siyasətindən boğaza yığılıb. Məlumdur ki, ölkədə ordunun qalıqları ayrı-ayrı klanların əlində alətə çevrilib. Ölkə siyasətinin mərkəzində terrorçuluq, separatizm dayanır. Bunlar isə cənab Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Ermənistanı dalan ölkəyə çevrildi və rəsmi İrəvan bütün layihələrdən kənarda qaldı. Ölkə sərhədlərinin bir çox hissəsini ayrı dövlətlərin hərbi qoşunları qoruyur”.
Parlament üzvü qeyd edib ki, Ermənistanın daxilində xarici təsirlər də çoxdur:
“Artıq onlar dilənçi vəziyyətinə düşüblər və xarici dövlətlərdən asılı vəziyyətdədirlər. Paşinyanın seçilməsi erməni cəmiyyətinin iqtisadi-siyasi böhrandan çıxmaq niyyətinin bir nəticəsidir. Erməni xalqı Paşinyanı seçməklə köhnə “xunta rejimi”ni rədd edərək, müharibədən əl çəkib, sülh içində yaşamaq niyyətlərini büruzə verir. Əslində erməni xalqı da artıq bezib. Çünki onlar yaxşı görürlər ki, köhnə “xunta rejimi” revanşist ritorika ilə çıxış edir və revanş düşüncəsi ilə yaşayan adamlar Ermənistanın dövlət kimi mövcudluğunu sual altına qoyur. Ona görə də hazırda Ermənistanda baş verən bu ölkənin işğalçılıq siyasətinin nəticəsidir”.