İranda prezident seçkilərinin nəticəsi məlum olduqdan sonra çoxlarını düşündürən əsas sual qonşu ölkənin Cənubi Qafqaz regionu ilə bağlı siyasətinin necə dəyişəcəyidir. Çünki bölgənin taleyi digər qonşu dövlətlər kimi, rəsmi Tehranın da konstuktiv mövqeyindən asılıdır. Yeni prezident İbrahim Raisi bu siyasi kursu tutacaqmı?
Politoloq Sədrəddin Soltan məsələ barədə “Sherg.az”a danışdı:
“İranın xarici siyasəti ali rəhbərlikdən və rəhbərlik institutundan asılıdır. Rəisi və komandası isə sadəcə siyasi kursun icraçısıdır. Bu mənada ali rəhbərlik hansı siyasi xətti tutsa, elə də davam edəcək. Fikrimcə, əvvəlki siyasi kurs dəyişməyəcək. Ümumiyyətlə, İranın Cənubi Qafqazdakı davranışı Rusiyanın siyasətindən asılıdır. Çünki vaxtı ilə Moskva kimi, Tehran da İrəvana yardım edib. İranın regionla bağlı xarici siyasəti Rusiya və İranın diplomatiyası ilə üst-üstə düşəcək. Cənub qonşumuzun rəsmilərinin bəyanatlarından hələlik belə məlum olur ki, o, bölgədə əməkdaşlıqda maraqlıdır”.
S.Soltan, həmçinin Tehranın Bakı və Ankara ilə münasibətlərindən söz açdı:
“Ərdoğan hakimiyyətə gələndən sonra İranı düşmən dövlətlər siyahısından çıxardı. Tərəflər arasında iqtisadi əməkdaşlıq, terrora qarşı birgə mübarizə başladı. Bir vaxtlar İran Türkiyədəki terror qruplaşmalarını, o cümlədən Hizbullahı, PKK-nı “körükləyirdisə”, indi özü onlara qarşı mübarizəyə başlayıb.
Azərbaycanla bağlı siyasi kurs isə iki mərhələyə bölünür: işğal və işğaldan sonrakı dövr. İran işğal mərhələsində Ermənistanla əməkdaşlıq edib. Sonradan isə “3+3” layihəsinə müsbət reaksiya göstərdi”.