Ermənilərin xilas yolu Azərbaycana sıx inteqrasiyadan keçir

"Regionda istənilən qarşıdurma cəhdləri Şuşa Bəyannaməsinə toxunaraq şüşə kimi sınacaq"


“Forpost Ermənistandakı bütün seçkilər kimi iyunun 20-də baş tutan seçki də siyasidən çox geosiyasi mahiyyətliydi”. Bu sözləri millət vəkili Sahib Alıyev parlamentin iclasında səsləndirib. Deputat vurğulayıb ki, Şuşa Bəyannaməsinin varlığı Robert Koçaryana verilən dəstəyi ikinci Qarabağ savaşında sərgilənən  “neytrallıq” çərçivəsində saxladı:

“Ermənistada seçki prosesi yumşaq senari üzrə getdi, ən pisin yox, pislərin yaxşısının seçilməsinə şərait yaradıldı. Seçkidə mandat qazanan bloklardan heç birinə verilən səslər dəstək xarakteri daşımırdı. Çünki hakimiyyətə əsas iddialıların hamısının antireytinqi reytinqlərindən qat-qat üstün idi. Paşinyanın qazandığının çoxu “Qarabağ klanı”na, Koçaryanla Sarkisyana verilən səslərin əksəriyyəti isə savaşı uduzmuş Paşinyana nifrət səsləriydi. Səslərin bu cür bölgüsü reallığı əks etdirir. Ona görə əks etdirir ki, ermənilər başlarına gələn fəlakətdə ölkəni savaşa sürükləyən Paşinyandan daha çox, Koçaryanla Sarkisyanın rolunun olduğunun fərqindədirlər. Yəqin Xankəndidəkilər də Ermənistanda özlərinə qarşı nifrətin kökündə məhz həmin cütlüyün durduğunu bilməmiş deyillər”. 

Parlament üzvü qeyd edib ki, ermənilərin qurtuluşu qonşularla əməkdaşlıqdan asılıdır:

“Ermənilər xilas yollarının məhz Azərbaycana sıx inteqrasiyadan keçdiyini, Konstitusiyamıza sığınaraq yaşamaq olduğunu anlamalıdırlar. Dərk etməlidirlər ki, onların da xilaskarı cənab İlham Əliyevdir. Nə qədər tez anlasalar, bir o qədər özləri üçün əlverişli olacaq. Ermənilərdən geosiyasi məqsədlərlə faydalanmağı düşünənlər də anlamalıdırlar ki, regionda istənilən qarşıdurma cəhdləri Şuşa Bəyannaməsinə toxunaraq şüşə kimi sınacaq. Şuşa Bəyannaməsi region üçün sülhdən başqa ayrı seçim buraxmır”.