Seçkilərin nəticəsi ilə əli qana bulaşmış revanşist qüvvələr kənara atıldı
“Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə və dinc həyatını qura bilər”. Bu barədə Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloq bildirib ki, Ermənistan cəmiyyəti gələcəklə bağlı seçimini etdi:
“Azərbaycanın uzun illərdir erməni cəmiyyətinə ünvanlandığı çağırışlar seçkinin nəticələri ilə üst-üstə düşdü. Bu o deməkdir ki, ermənilər revanşizmdən əl çəkməlidirlər.
Qarabağa və digər qonşu ölkələrin torpaqlarına göz dikməyin onların faydalarına olmadığını anlamalıdırlar. Ermənistan gələcəyini qurmaq istəyirsə, normal qonşuluq əlaqələrini bərpa etməlidir. Xalqın yekun qərarı onu göstərdi ki, onlar keçmiş canilərin, avtoritar liderlərin, əli qana bulaşmış revanşist və terrorçu şəxslərin hakimiyyətə qayıtmasını istəmirlər. Seçkiləri erməni cəmiyyətinin Azərbaycanla növbəti mümkün qarşıdurmadan çəkindiyini bir daha sübut etdi. Çünki onlar bilirdilər ki, Robert Koçaryan hakimiyyətə gələrsə, yeni müharibə qaçılmaz olacaq”.
Siyasi şərhçinin sözlərinə görə, hazırda erməniləri düşündürən birinci dərəcəli məsələ sosial-iqtisadi vəziyyətlə bağlıdır:
“Seçkilər Koçaryana xalqın “şilləsi”dir. Əgər Azərbaycan 44 günlük Vətən müharibəsində Koçaryanı mənəvi cəhətdən darmadağın etdisə, erməni xalqı faktiki olaraq eks-prezidentə qapını göstərdi. Seçkilərdən sonra Azərbaycanla Ermənistan arasında intensiv şəkildə müzakirələrin keçirilməsi, həmçinin demarkasiya məsələlərinə aydınlıq gətirilməsi üçün ciddi addımlar gözlənilir. Əsas məsələ isə üçtərəfli Bəyanatın tam reallaşması istiqamətində işlərin aparılmasıdır. Türkiyə-Ermənistan sərhədlərinin açılması isə bu ölkənin üçtərəfli sazişin şərtlərini yerinə yetirməsindən və Azərbaycanla normal qonşuluq əlaqələri qurmasından asılı olacaq”.