Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdədir. Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb. Nazir, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və həyata keçirilən infrastruktur layihələrindən danışaraq, dost Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov qeyd olunan sahədə pandemiyadan əvvəl müşahidə olunan müsbət dinamikanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini bildirib.
Politoloq Tofiq Abbasov “Sherg.az”a açıqlamasında tərəflər arasındakı münasibətlərdən danışdı:
“Səudiyyə Ərəbistanı həm ikitərəfli münasibətlərdə, həm İƏT daxilində Azərbaycanın siyasi mübarizəsini daim dəstəkləyib. Həmçinin bizim OPEC+ formatına qoşulmağımız əlaqələrimizi daha da gücləndirir. İntensiv məsləhətləşmələrimiz, fikir mübadilələrimiz olur. Eyni zamanda ölkəmiz Sədiyyə Ərəbistanın bəzi problemlərinin həlli istiqamətində stabilləşdirici rol oynayır. Odur ki, həmin dövlətin bizim köməyimizə ehtiyacı var. Əməkdaşlığımız regionda sabitliyi təmin edir və bəyənilir”.