"Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb". Bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirakçıları salamlayarkən bildirib.
“Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür”.
Onun sözlərinə görə, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur. Bundan sonra da münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, “ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə” kömək göstərmək niyyətindədir.
Əslində Qarabağda münaqişənin bitdiyi çoxdan məlumdur. Hətta bu barədə ölkə başçımız də dəfələrlə çıxış edib. Belə olan halda Putin “münaqişə dayandırılıb” deməklə hansı mesajı vermək istəyir?.
AĞ Partiya sədri Tural Abbaslının “Sherg.az”a açıqlamasına görə, Putin 2020-ci ildə fəxr etdiyi fəaliyyətlərindən biri kimi Qarabağ konfliktinin həll olunmasını qeyd edib:
“İndi də Rusiyanın səyləri nəticəsində Qarabağ münaqişəsinin dayandığını söyləyir. Bu, əslində Putinin regionda varlığını sübut etmək cəhdləridir. Artıq kimsəyə sirr deyil ki, Azərbaycan öz ordusu və 3 minə yaxın şəhidi sayəsində konflikti həll edib, ərazi bütövlüyümüz bərpa olunub. Burada Rusiyanın heç bir rolu yoxdur. Əksinə Putin hər zaman Ermənistan tərəfdə olub. Son anda da məsələnin birdəfəlik həllinin qarşısını almaq üçün Qarabağa sülhməramlı adı altında qoşun yeridib. Dolayısı ilə konflitkin daha da uzanmasına şərait yaratmaq istəyir. Rusiya münaqişənin həllini istəsəydi, kənara çəkilərdi. Məsələni belə həll edən idisə, niyə 30 il ATƏT-in həmsədr dövləti kimi bir qarış torpağın qayıtmasına nail olmamışdı? Yaxud da BMT qətnamələrinin icra edilməsi istiqamətində addım atmamışdı?”.
T.Abbaslı vurğulayıb ki, Putin Türkiyənin Azərbaycanda möhkəmlənən mövqelərinə və istər Azərbaycan cəmiyyəti, istərsə də siyasi elitasının qardaş ölkəyə meyllənməsinin qarşısını almaq üçün daxilə bir mesaj verir:
“Təbii ki, onlara xidmət edən “5-ci kolon”un mövqelərini gücləndirmək üçün bu müraciət olunub ki, guya Rusiya bölgədə pozitiv rol oynayıb. Rusiyanın Qarabağ konfliktində oynadığı yeganə rol neqativ və ölkəmizin əleyhinədir. Rəsmi Moskva sadəcə Azərbaycanın qəhrəman şəhidləri və ordusunun qazandığı qələbəni sahiblənmək istəyir. Lakin qələbə ilk növbədə Azərbaycan xalqı və siyasətinin, ikinci Türkiyənin, üçüncü isə Pakistanındır. Rusiya bu siyahıda yoxdur. Xalqımız Putinin açıqlamasına aldanmalı deyil!”.