Kreml "döyüşü" uduzduğuna görə çox aqressivləşib

"Rusiyanın Ermənistan parlamentində cəmi “34 yeri” var. Bu da parlamentin üçdə biridir"

"Rusiya istəsə də, istəməsə də dağılmağa, parçalanmağa doğru irəliləyir. Ermənistandakı seçkinin nəticələri bu prosesin ən təsirli elementidir"


Xəbər verdiyimiz kimi Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Xankəndidəki separatçı tör-töküntülər arasında vəziyyət kəskinləşib. Bir qrup erməni meydana toplaşaraq baş separatçı Araik Arutyunyanın “istefasını” tələb ediblər. Ermənilərin Araikə qarşı kəskin çıxışlarına səbəb onun iyunun 20-də seçki günü İrəvanda Paşinyanın lideri olduğu “Mülki müqavilə” partiyasının seçki qərargahında görünməsi olub. Qurma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Arutyunyanın yerini tutmağa çalışır. Xüsusilə İrəvanda Paşinyanın hakimiyyətə gəlməsi revanşistləri məcbur edir ki, Xankəndidə Paşinyanın ən sadiq silahdaşı olan Arutyunyanı sıradan çıxartsınlar.

Ekspertlər Xankəndi mitinqlərinin təşkilini yeni hökumətə qarşı hücumların başlanğıc nöqtəsi hesab edirlər. Erməni siyasi şərhçi Tevos Arşakyanın “köhnə qvardiya” asanlıqla təslim olmayacaq. Paşinyanı çətin günlər gözləyir” açıqlaması yaxın gələcəkdə yeni iğtişaş və qarışıqlığın gözlənilən olmasından xəbər verir. Rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsovun açıqlaması da Arşakyanın səsləndirdiyi fikirləri bir növü təsdiqləyir: “İndi bir çox xarici politoloqu düşündürən bir sual qalır: Koçaryanın 2018-ci ilin yazında eks-prezident Sarkisyana qarşı baş tutan hiyləgər “Paşinyan planı”na oxşar bir planı varmı? Yəni Robert insanları səsvermənin nəticələrinin saxtalaşdırılmasına inandırıb, seçkinin qeyri-legitimliyi bəhanəsilə hakimiyyəti devirmək üçün küçələrə çıxara bilərmi? Hesab etmirəm ki, bu, baş verə bilər. Koçaryan Ermənistanda bütün sosial-siyasi potensialını səfərbər edərək növbədənkənar parlament seçkilərində iştrak etdi. Bu onun maksimum gücü idi. Amma Koçaryanın bir gizli silahı da var. O, hərbi çevrilişə hazırlaşa bilər”.

Seçkidən sonra yaşanan prosesləri “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Paşinyanın seçkini udması Rusiyanın Ermənistan siyasətinin iflası deməkdir. Politoloq vurğulayıb ki, Rusiya kifayət qədər təxribatçılıqla məşğul olsa da, istiqaməti dəyişə bilmədi:

“Paşinyan səs çoxluğu ilə parlamenti ələ aldı. Rusiyanın Ermənistan parlamentində cəmi “34 yeri” var. Bu da parlamentin üçdə biridir. Rusiya bu “döyüşü” uduzduğuna görə daha çox aqressivləşib. Moskva başa düşür ki, Ermənistan tədricən Rusiyanın müstəmləkəsindən çıxmaqdadır. İrəvanın üzü Qərbə çevrilib. Xankəndidəki bütün qarışıqlığın arxasında Kreml dayanır. Separatçı Arutyunyanın Paşinyanın tərəfində yer alması, rusların nəzarəti altında sadəcə 35 min erməninin yaşadığını etiraf etməsi, Rusiyanın yalanını ortaya çıxartması Moskvanı pis vəziyyətdə qoydu. Rusiya hər vəchlə Qarabağda mövqeyini itirməməyə çalışır.

Şuşa Bəyannaməsi də Moskvanı ciddi narahatlığa sövq edib. Rusiya Qarabağ ermənilərinin başında Balasanyanı görmək istəyir. Çünki özlərinə sadiq separatçının əliylə təxribat törətməyi planlaşdırırlar. Məqsəd isə Qarabağı yenidən işğal etməkdir. Amma əminik ki, nə Azərbaycan, nə də Türkiyə Rusiyaya belə şans verəcək”. 

C.Nuriyevə görə, Rusiyanın bir çox regionda, həmçinin Cənubi Qafqazda uduzması Kremli çox hiddətləndirib:

“Ötən gün Böyük Britaniya gəmisinə ruslar tərəfindən atılan atəş də bu aqressiyanın təzahürüdür. Rusiya istəsə də, istəməsə də dağılmağa, parçalanmağa doğru irəliləyir. Ermənistandakı seçkinin nəticələri bu prosesin ən təsirli elementidir. Bundan sonra Kremlin bütün cəhdləri boşa çıxacaq. Düzdür, son zamanlar fəal siyasət görüntüsü yaradılır. Hətta ölkəmizdə də Kremlə bağlı qruplar xüsusi aktivlik nümayiş etdirirlər. Lakin Rusiyanın əvvəlki nüfuz və mövqeyindən əsər-əlamət qalmayıb”.