Seçki erməni cəmiyyətini təhlükəli aqibətdən xilas etdi


"Paşinyan daşnak-faşist ideologiyasından yoğrulmuş köhnə Ermənistanın deyil, yeniləşmiş Ermənistanın təmsilçisi olmağı bacarmalıdır"


Nikol Paşinyanın parlament seçkisində qalib gəlməsi ilk növbədə erməni xalqının özü üçün yaxşıdır. 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətin bütün ağrı-acısını dadmış, xaos, anarxiya vəziyyətindən yorulmuş erməni xalqı nəhayət dərk etdi ki, son yüz ildə Ermənistan və kilsə tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik siyasətinin əsas zərbəsi məhz ermənilərə dəyir. Erməni xalqı cinayətkar iqtidarların son 30 ildə yürütdüyü millətçi-faşist siyasətinin bədəlini çox ağır şəkildə ödəməli oldu.

Görünür, xalqın əksəriyyəti, xüsusən Paşinyana səs verən kütlə proseslərə realist yanaşmağa, sağlam düşünməyə başlayıblar. Seçkinin nəticələrinə də ilk növbədə məhz bu yöndən yanaşmaq lazımdır. Erməni xalqı Paşinyanın simasında müharibəyə “yox” dedi, qonşu dövlətlərlə normal münasibətlərin qurulmasına səs verdi. Başqa sözlə desək, ermənilər Paşinyana son ümid yeri kimi baxır. İndi görək, Paşinyan da ona göstərilən bu etimadı doğrulda biləcəkmi.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında deyib ki, Paşinyanın qələbəsi bütövlükdə Cənubi Qafqaz regionu üçün də əhəmiyyətlidir. Çünki Ermənistan hərbi-siyasi rəhbərliyinin və erməni xalqının millətçi-daşnak kəsiminin destruktiv siyasətindən, ekstremist davranışlarından təkcə Azərbaycan deyil, bütün bölgə xalqları da beziblər:

“Seçkidə revanşistlər qalib gəlsəydi, Ermənistanın pozucu-təxribatçı davranışları yenə də davam edəcək və xarici siyasətdə aqressivliyi daha da artacaqdı. Bu isə ilk növbədə erməni xalqının özünü növbəti bəlalarla üz-üzə qoyacaqdı. Lakin seçici elektoratının Koçaryana deyil, Paşinyana üstünlük verməsi Ermənistanı və erməni xalqını bu təhlükəli aqibətdən xilas etdi. İndi Ermənistanın öz səhvlərini düzəltməsi üçün əlverişli şərait yaranıb.

Paşinyan öz məsuliyyətini hiss edərək, xalqının ona göstərdiyi etimaddan səmərəli şəkildə istifadə etməli və ilk növbədə Azərbaycanla münasibətləri nizama salmalıdır. Sərhədlərin demarkasiyası, Zəngəzur dəhlizinin açılması, yekun sülh müqaviləsinin imzalanması tezliklə öz həllini tapmalıdır.

Bir sözlə, Paşinyan daşnak-faşist ideologiyasından yoğrulmuş köhnə Ermənistanın deyil, yeniləşmiş Ermənistanın, real sülhə can atan Ermənistanın təmsilçisi olmağı bacarmalıdır”.