Uzun illərdir bu ölkənin adı aqressiv politika və dövlət terroru anlayışları ilə assosiasiya olunur
"Ermənistanın təcavüzkar hərbi birləşmələrinin terrorçu qruplaşmalarla birlikdə çoxsaylı cinayətlər törətməsi inkaredilməz reallıqdır"
Ermənistanda “Hərbi Vətənpərvərlər Məktəbi” (POGA) adlı yeni terror təşkilatı yaradılıb. Təşkilatın əsas hədəfi erməniləri Azərbaycan və Türkiyəyə qarşı silahlandırmaqdır. POGA 18-55 yaş arası bütün erməniləri Azərbaycan və Türkiyəyə qarşı silahlanmağa çağırır. Təşkilat hətta təlimlərdə iştirak üçün Moskvadan gəlmək istəyənlərin aviabiletlərini də alır. Təlimə atış, ilkin tibbi yardım, hərbi taktika və hərbi texnika ilə işləmək daxildir. Təşkilatın feysbuk səhifəsində Türkiyə və Azərbaycan əleyhinə “Düşmənimiz sərhədin o tayındadır” şüarı da yer alır. Qeyd edək ki, Ermənistanda eyniprofilli VOMA adlı təşkilat da fəaliyyət göstərir. VOMA dünyanın müxtəlif yerlərindən erməni gəncləri toplayaraq, hərbi təlimlər keçirir, Azərbaycana qarşı
döyüşlərə hazırlaşdırır. 44 günlük müharibədə Ermənistan ordusu tərkibində Azərbaycana qarşı döyüşənlər arasında VOMA terrorçuları idi.
Politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında Azərbaycanın torpaqlarını 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan təcavüzkar Ermənistanın həm də çoxsaylı terror aktları, bəşəriyyətə qarşı cinayətlər törətdiyini diqqətə çatdırıb. Politoloq vurğulayıb ki, ona görə də bu ölkənin adı aqressiv politika və dövlət terroru anlayışları ilə assosiasiya olunur:
"Beynəlxalq ictimaiyyətə Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair çoxsaylı faktlar məlumdur. Tarixi faktlara nəzər saldıqda görürük ki, Ermənistan tərəfindən müxtəlif terror aktları məhz sözügedən təşkilatlarla sinxron hərəkət və birgə fəaliyyət nəticəsində törədilib. Ermənistanın təcavüzkar hərbi birləşmələrinin terrorçu qruplaşmalarla birlikdə çoxsaylı cinayətlər törətməsi inkaredilməz reallıqdır. Ümumiyyətlə, təcavüzkar erməni millətçilərinin təfəkkürü terrorçu dünyagörüşündən ibarətdir. Planlı şəkildə törədilən silsilə terror aktları bunu təsdiqləyir. 1905-1906-cı il hadisələri, 1918-ci il mart soyqırımı, 1988-ci il olayları, 1992-ci il Xocalı faciəsi və ümumilikdə, həyata keçirilən digər terror aktları nəticəsində milyonlarla insanın həyatına son qoyulub”.
Politoloq vurğlayıb ki, Ermənistan uzun müddət işğal altında saxladığı Azərbaycan ərazilərində də beynəlxalq hüquq normalarına və ümumbəşəri dəyərlərə zidd olan qeyri-qanuni, illeqal fəaliyyətlə məşğul olub:
“44 günlük müharibədə Azərbaycan dövləti erməni terrorizmi və faşizminin başını əzdi – belini qırdı. Təbii ki, məğlub Ermənistan, radikal-ekstremist birləşmələr, terrorçu qüvvələr bundan sonra da hansısa təxribat cəhdi ilə çıxış etsə, qarşısı qətiyyətlə alınacaq. Təcavüzkarlara ağır zərbə endiriləcək. Onlar anlamalıdırlar ki, artıq istənilən terror fəaliyyəti "bumeranq effekti" verəcək və ağır nəticələrlə üzləşəcəklər".