Paşinyanın “şıltaqlıqlarına” son qoyulacaq: “Lazımi addımlar atılacaq”

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı danışıqlar və regional vəziyyətin həlli üçün Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu açıqlayıb. Bu haqda informasiyanı İnterfaks nəşri yayıb. "İrəvan Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin regional kommunikasiyaların qarşısını almaq üçün üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır", - deyə o bildirib.

Hökumət iclası zamanı Paşinyan Ermənistanın Azərbaycanla yüksək səviyyədə danışıqlar prosesində iştirak etməyə hazır olduğunu bildirərək Ermənistan tərəfinin konkret təkliflər gözlədiyini qeyd edib.

Məsələ barədə “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, bu, blefdir:

“Sülh danışıqları ilə bağlı düşmənə konkret proqram təqdim edilib. Ermənistan isə faktiki olaraq bunun əksinə hərəkət edir. Paşinyan əslində sülh istəmir. Sadəcə daxildə belə görüntü yaratmaq istəyir ki, guya Azərbaycan danışıqlara yaxın durmur. Baş nazir Minsk Qrupunu “reanimasiyadan çıxarmaq” cəhdləri ilə ABŞ və Fransanın dəstəyini almağa çalışır. Həmçinin “Kommunikasiyaların açılması öndə olmalıdır” bəyanatı Rusiyanın “əlinə oynamaq” deməkdir. Paşinyan Moskvaya demək istəyir ki, siz də sərhəd məsələsində məni dəstəkləyin. Fikrimcə, proseslər belə qalmayacaq. Paşinyanın “şıltaqlıqlarına” son qoyulacaq. Onun Azərbaycan şərtləri daxilində masaya oturmasından ötrü lazımi addımlar atılacaq”.