"Bölgədə çox ciddi proseslər gedir


Ceyhun Məmmədov: "Bu gün hər birimiz dövlətimizin ətrafında sıx birləşməliyik"

Qarşıda duran əsas vəzifə müstəqilliyi və qələbəni qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürməkdir

“Əfqanıstanda baş verən son hadisələr bütövlükdə bölgəyə və bir sıra müsəlman ölkələrindəki ictimai-siyasi duruma təsirsiz ötüşməyəcək. Bu ölkədə baş verənlərdə digər müsəlman ölkələri üçün ciddi mesajlar var”.

Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib. Parlament üzvü vurğulayıb ki, bu gün elə müsəlman ölkələri var ki, müstəqillik tarixinin 50, 100 və daha çox olmasına baxmayaraq, hələ də nə dövlət, nə də ordu qura biliblər:

“Azərbaycan 30 ildə böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan ordusu 50-ci sıradadır. Xalqımız xoşbəxtdir ki, müstəqil və güclü dövlətimiz var. Müstəqilliyin qədir-qiymətini bilməli, onu göz bəbəyimiz kimi qorumalıyıq. Müstəqil dövlət qurmaq hər millətə, xalqa nəsib olmur. Bu gün dünyada 3000-4000 arası xalq var. Onlardan təxminən 200-ü dövlət qura bilib. Ötən əsrin əvvəllərində Şərqdə ilk xalq cümhuriyyətini qurduq. Ancaq bu cümhuriyyətin ömrü çox olmadı. Səbəblər isə müxtəlif idi. XX əsrin sonunda Tanrı bizə yenidən müstəqil dövlət qurmağı nəsib etdi. Müstəqilliyə yeni qədəm qoyan ölkə bu dəfə Ermənistanın işğalı ilə üz-üzə qaldı. Ölkə vətəndaş müharibəsinə sürükləndi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə ictimai-siyasi sabitlik təmin olundu. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Əlbəttə, mükəmməl cəmiyyətlər yoxdur. Hər bir cəmiyyət, dövlət təkmilləşərək daha da güclənir və böyük inkişaf yolu keçir. Son illər Azərbaycan da müxtəlif sahələrdə böyük inkişaf yolu keçib, müstəqilliyini daha da möhkəmləndirməyə müvəffəq olub”. 
Deputat qeyd edib ki, hazırda bölgədə də çox ciddi proseslər gedir:

“Proseslərin açıq görünən və görünməyən tərəfləri var. Bu gün hər birimiz dövlətimizin ətrafında sıx birləşməliyik. İndi hakimiyyət davası etməyin, şəxsi ambisiyalarla yaşamağın zamanı deyil. Azərbaycan tarixdə heç zaman bu qədər müstəqil və güclü olmayıb. Qarşıda duran əsas vəzifə müstəqilliyi və qələbəni qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürməkdir”.