“Krım platforması”! – “Rusiyaya təsirli sanksiyalar...” – Rəsmi Bakı nə etməli?

Pənah Hüseyn: “Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, platformada iştirak etmək üçün imzamız olmayacaq. Lakin hələ də gec deyil”

Vasif Əfəndi:“Qarabağda çox həssas günlər yaşadığımız bir zamanda Rusiya ilə açıq konfrontasiyaya getməyə lüzum görmürəm.  ”


“Krım platforması” sammitinin iştirakçıları Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirəcəklər. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin dərc etdiyi forumun yekunlarına dair bəyannamədə deyilir. Bəyannamədə platformanın Rusiyanın Krımın işğalına sülh yolu ilə son qoyması və Ukraynanın bu əraziyə nəzarətini bərpa etmək məqsədilə ilə yaradıldığı göstərilir. 

 Qeyd edək ki, Krım Platforması Ukraynanın diplomatik təşəbbüsüdür və Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir.  Platformada ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunub. Ölkəmizin platformadan kənarda qalması müxtəlif fikir ayrılıqlarına səbəb olub. Sammitdə iştirak etməməyimizi dəstəkləyənlər olsa da, bunun əleyhinə çıxanlar var.

 Sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn “Sherg.az”a bildirib ki, bizə hər sahədə dəstək olan müttəfiq ölkələri tək qoymaq olmaz:

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü `Zaxarova  “Krım platforması”nı Rusiyaya qarşı düşmənlik və ərazi bütövlüyünə qəsd kimi dəyərləndirir. Ona görə də rəsmi Moskva tərəfindən bu məsələ ilə əlaqədar çox ciddi təhdidlər var. Rəsmi şəkildə deyildi ki, platformada iştirak etmək üçün imzamız olmayacaq. Lakin hələ də gec deyil.

 Təbii ki, platformaya qoşulsaydıq, Rusiya ilə aramızdakı gərginlik artardı. Amma  Rusiya Azərbaycana dost olmayan və ermənipərəst mövqeyini açıq şəkildə bildirir. Şimal qonşumuz son günlər “Krım platforması” məsələsində çəkinmədən əsl simasını ortaya qoyub. Elə prinsiplər var ki, onlarla oynamaq olmaz. Məsələn, başqa dövlətin dünya tərəfindən tanınmış ərazisini işğal etmək ciddi məqamdır”.

“Vəhdət” Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi düşünür ki, “Krım Platforması “nın ciddi rezonans doğurmasının səbəbi Rusiyaya qarşı təsirli sanksiyaların tətbiq olunacağı ilə əlaqədardır:

 
“SSRİ yarandığı gündən 90-lara qədər və sonradan günümüzə qədər Rusiya dünyanın öz axarı ilə inkişafına mane omaqla məşğuldur. Son 100 ildə hakimiyyətə gələn bütün rus liderlər hakimiyyətlərini qoruyub saxlamaq naminə xaricdə düşmən obrazı yaradaraq guya inkişafdan qalmanın səbəblərini bununla əlaqələndirirdilər. Gerçəkdə rejim bütün potensialının hakimiyyətlərini qorumaq üçün hərbi-polis dövləti qurmağa sərf etdi. Artıq dünyada böyük dəyişikliklər baş verir və çox müasir silah növləri istehsal olunmağa başlanılıb. Bu silah növləri isə Rusiyanın on minlərlə tank , təyyarə və s. köhnəlmiş hərbi texnikalarını çox qısa müddətdə sıradan çıxarmaq imkanılarına malikdirlər. Xammal ölkəsi olan Rusiyanın istehsal potensialı olsa da yaxın onilliklərdə iqtisadiyyatın inkişafı gözlənilmir. Səbəb isə çox aydın və şəffadır. Rusiya hərbi –polis rejimindən qurtulmasa, inkişafdan söhbət gedə bilməz. Azərbaycanın Qarabağda apardığı müasir tarixdə analoqu olmayan ildırım sürətli “Dəmir yumruq” əməliyyatı bir daha sübut etdi ki, Rusiyanın əli kürəyində olan ölkələrin perspektivi yoxdur. Sirr deyil ki, 44 günlük vətən müharibəsi zamanında Azərbaycan Ordusu bütün texnika və infrastukturu Rusiyaya məxsus hərbi diviziyaları darmadağın etdi. Bu müharibə sübut etdi ki, işğalçı ilə öz dilində danışmaq problemin yeganə həllidir. Bundan sonra isə zəncirvari şəkildə Rusiyanın işğal etdiyi Abxaziya, Osetiya, Luqansk və Donbasın hərbi yolla işğaldan azad olunması gündəmə gətirilə bilər. Rusiyaya qarşı tətbiq edilməsi gözləninlən sanksiyalar onsuz da zəif olan iqtisadiyyatına ölümcül zərbələr vuracaq. Rusiya ona edilən təklifdən nəticə çıxarmasa, Ukrayna öz torpaqlarını güc yolu ilə azad etməyə qalxacaq, bu isə birdəfəlik Rusiya imperiyasının süqutu olacaq”.

Politoloq qeyd edib ki, Azərbaycanın “Krım Platforması”nda rəsmi nümayəndə heyətilə təmsil olunmamasını şərh edərkən bunu qorxaqlıq kimi qələmə verən bəzi təhlilçilər yalnız emosiyalardan çıxış edirlər:

“Bizim bu platformaya qatılmamağımızı hətta Ukraynanın özü belə anlayışla qarşılayır. Qarabağda çox həssas günlər yaşadığımız bir zamanda Rusiya ilə açıq konfrontasiyaya getməyə lüzum görmürəm. Azərbaycan rəsmi olaraq Krımı işğal olunmuş ərazi kimi tanıyıb və Türkiyənin platformada aktiv iştirakı əslində bizim də prosesdən kənar qalmadığımız deməkdir. Türkiyə harada varsa, Azərbaycan da oradadır”.