“Cənab Prezident hər zaman Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük fədakarlıq göstərib. Ölkə başçısı Azərbaycanın ən böyük təbliğatçısıdır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Prezident İlham Əliyevin BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul etdiyi zaman verdiyi açıqlamalara münasibət bildirərkən millət vəkili Məlahət İbrahimqızı söyləyib.
Xanım parlamentari qeyd edib:
“Prezidentimiz beynəlxalq məkanda informasiya savaşı aparır və bunun da çox böyük nəticələrini görürük. Dövlətimizə qarşı uzun illər ədalətsiz informasiya təbliğatı aparanlar Azərbaycanı çətin vəziyyətə qoyurdu. Bütün bunlara rəğmən ölkə başçısı həqiqətlərimizi dünyaya çatdıra bildi və erməni lobbisinin dezinformasiyaları ifşa olundu. Nəticədə bütün beynəlxalq təşkilatlar Azərbaycanın işğala məruz qalmasını və ərazi bütövlüyünü tanımağa başladı. BMT-dən tutmuş, AŞPA, ATƏT, Qoşulmama Hərəkatı Təşkilatında haqq işimiz öz əksini tapdı”.
M.İbrahimqızı qeyd edib ki, beynəlxalq təşkilatlar 30 ilə yaxın müddətdə işğalçı ölkəni dəstəkləyirdi:
“BMT və onun ali nümayəndələri hər dəfə hansısa mexanizmin olmadığını söyləyirdilər. Nəhayət keçən il ermənilərin yeni təcavüz planları Ali Baş Komandanımızı danışıqlar yolundan haqq-ədalətin müdafiəsi yoluna apardı. Ölkə başçısı ordumuza əks -hücum əmri verdi və gözəl nəticələr əldə etdik. Prezident BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edərkən bir daha həqiqətləri xatırlatdı.
Çünki hələ də bir sıra ermənipərəst ölkələr və beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini müdafiə edirlər.
Bu baxımdan dövlət başçısı bütün həqiqətləri açıq-aşkar qeyd edir. BMT kimi qurum beynəlxalq hüququn aliliyinə cavabdeh olan təşkilatlardan biridir. BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrə özü hörmət etməli idi.
Cənab Prezident BMT-nin rezident əlaqələndiricisinə bu faktları peşəkarlıqla söylədi. Yəni Azərbaycan dövləti və xalqı sizin qəbul etdiyiniz sənədləri gerçəkləşdirərək haqq-ədaləti özü bərpa edib!”.