Əfqan müqavimət hərəkatının lideri Əhməd Məsud Rusiyaya müraciət edib. O, Talibanın Əfqanıstanda möhkəmlənməsinin Rusiya üçün çox böyük problem olacağını bildirib. Ə.Məsudun sözlərinə görə, Rusiya indi müdaxilə etməsə, çox çəkməyəcək ki, ekstremist Taliban ideologiyası Mərkəzi Asiya və Cənubi Rusiyanı öz ağuşuna alacaq:
“Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi digər terrorçu qrupları da ruhlandıracaq. Onlar da Talibanın həyata keçirdiyi üsullarla hakimiyyətə gəlməyə cəhd edəcəklər. Beləliklə yaxın zamanlarda müxtəlif terror qruplarının baş qaldırmasının şahidi olacağıq”.
Vəziyyəti “Sherg.az”a şərh edən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov qeyd edib ki, Ə.Məsud Rusiyanın Əfqanıstanda yaranmaqda olan hökumətin formalaşması zamanı proseslərə müdaxilə edən bütün siyasi qüvvə təmsilçilərini bura daxil olmağa çağırıb:
“Kremldən Ə.Məsudun müraciətinə rəsmi cavab verilməyib. Amma Əfqanıstanda baş verən hadisələrin səciyyəsi hələ Moskvaya aydın deyil. Amerikanın bütün silahları Talibana verərək Əfqanıstanı tərk etməsinin motivini müəyyənləşdirməklə məşğuldurlar. Rusiya Prezidenti Vladimir Putin ordunun Əfqanıstana müdaxilə etməyəcəyini bəyan edib.
“Vaqner” qrupunun Əfqanıstana girib-girməyəcəyinə isə aydınlıq gətirməyib. Çünki bu qrupun harada fəaliyyət göstərməsini Kreml özü də bilmir”.