Paris mina təmizlənməsinə 400 min avro ayırmaq niyyətindədir
Cümşüd Nuriyev: "Məndə olan məlumata görə, Azərbaycanda çalışan həmin fransız şirkətlərinin nümayəndələri Makrona narazılıq ünvanlayıblar"
Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayırmaq niyyətindədir. Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz tviter səhifəsində yazıb. O qeyd edib ki, beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir: "Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir”.
Siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirb ki, əslində Fransa bu addımı ilə Azərbaycanla korlanmış münasibətlərini yenidən bərpa etməyə çalışır. Politoloq qeyd edib ki, Azərbaycan tərəfdaş ölkə kimi Fransa üçün çox vacibdir:
"Bilirsiniz ki, Fransa şirkətlərinə Azərbaycanda investisiya qoymaq üçün bir çox imkanlar yaradılıb. Bu günləri də Fransanın çoxsaylı firmaları burda mövcuddur. Məndə olan məlumata görə, Azərbaycanda çalışan həmin fransız şirkətlərinin nümayəndələri Makrona narazılıq ünvanlayıblar. Onlar qeyd ediblər ki, Azərbaycan dövləti onlar üçün hər cür şərait yaratsa da, Fransanın yürütdüyü siyasət onları kifayət qədər çətinliyə salır.
Qeyd edim ki, Fransada UNESCO xətti ilə Heydər Əliyev Fondu kifayət qədər təqdirəlayiq işlər həyata keçirib.
Bizim hörmətli, Mehriban xanım hətta, "Versal" sarayının bərpasında və digər məsələlərdə böyük işlər görüb. Yəni Azərbaycan kifayət qədər Fransaya humanitar yardım göstərib. Ona görə də, fikrimcə, Fransanın belə bir niyyəti artıq xoşməramlıdır.
Çünki Fransa da artıq erməni yalanlarını təbliğ etməkdən yorulub. Hesab edirəm ki, Fransanın atacağı bu addım xoşməramlı olduğuna görə Azərbaycan-Fransa münasibətləri də yeni müstəviyə keçə bilər".