Saakaşvilinin zabit və hərbçilərə müraciəti boşuna deyil


O, bütün məsələləri nəzərə alıb və xalqın onu müdafiə edəcəyinə müəyyən mənada əminliyi var

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu ölkənin Müdafiə Qüvvələrinin zabit və hərbçilərinə müraciət edib. O, hərbi qulluqçuları qarşıdan gələn yerli seçkilərdə fəal iştiraka çağırıb. M.Saakaşvili videomüraciətində deyib ki, Gürcüstana bu gün kömək lazımdır: “Mən sizə ilk növbədə Gürcüstan vətəndaşları kimi müraciət edirəm. Biz hamımız vətəndaş borcumuzu yerinə yetirməyə hazır olmalıyıq. Sizin və qəhrəman veteranların vətənpərvərliyinə ümid edirəm. Hər şey yaxşı olacaq”. Qeyd edək ki, sabiq dövlət başçısı bundan öncə oktyabrın 2-də keçiriləcək seçkilər üçün Gürcüstana gedəcəyini elan edib.

Gürcüstan siyasi müstəvisində parlaq bir siyasi liderin mövcud olmadığını deyən politoloq Natiq Miri "Şərq"ə açıqlamasında deyib ki, bu əslində Gürcüstan siyasətinin ən ciddi problemlərindən biridir. Politoloq qeyd  edib ki, bu gün Gürcüstanın inkişaf etməsi, o cümlədən daha çox Qərbə inteqrasiya etməsi üçün  tamamilə yeni bir liderə ehtiyacı var:

 "Bu potensial isə Saakaşvilidə və onun liderliyində, xarakterində var. Əgər Saakaşvili  yenidən hakimiyyətə gələrsə və gürcü xalqını arxasıyca apara bilərsə, düşünürəm ki,  o zaman Qərb onu müdafiə etmək məcburiyyətində qalacaq. Çünki bildiyiniz kimi,o, birmənalı qərbyönümlü siyasətçidir. Və hər zaman Gürcüstanın qərbə inteqrasiyasının birmənalı olaraq tərəfdarı kimi çıxış edib. Ancaq Rusiyada onu sevmirlər, xüsusilə də Putinin ona pataloji nifrəti və allergiyası var". 

Politoloq əlavə edib ki, bu məsələ açığı, Qərbdə Saakaşvili fenomeninə çəkindirici bir məqam yaradır: 

"Əgər həqiqətən də, Saakaşvili sözünün üstündə durub oktyabr ayında Gürcüstana qayıdarsa və həbs olunarsa, və bu proses doğru-dürüst idarə olunarsa, düşünürəm ki, gürcü xalqı Saakaşvilini İvanişvili təhlükəsindən müdafiə etməyə qalxacaq. Çünki gürcü  toplumunda İvanişvili hakimiyyətinə qarşı bir təpki mövcuddur. Son hadisələr  göstərdi ki,  Gürcüstan siyasi sistemində artıq ciddi bir qarşıdurma, boşluq var. Bu gün müxalifətlə gürcü iqtidarı arasında Avropa Birliyi strukturları rəhbərlərinin bilavasitəçiliyinə rəğmən hələ də böyük anlaşmazlıq və məsafə mövcuddur. Bu məsafə isə getdikcə artır. Yəni müxalifət artıq birmənalı olaraq Gürcüstan parlamentini zaman-zaman boykot edir. Bu da Gürcüstan idarəetməsində böyük bir siyasi böhran yaradır. Təbii ki, Şaakaşvili də bunu görməmiş deyil. Ən nəhayət, Gürcüstan pandemiya dövründə sözün əsl mənasında  bir çox məsələlərdə boşluq yaratdı ki, bu gün də bunun əziyyətini gürcü xalqı çəkir. Bu gün Gürcüstanda ölüm və yoluxma faktları  çox yüksəkdir. Bu gün orada risk dərəcəsi çox olduğu üçün bütün dünyaya, eyni zamanda Qərb dünyasına sərhədləri bağldıır. Pandemiyada Gürcüstanda İvanişvili hakimiyyətinə bacarıqsızlığı ilə bağlı böyük etimadsızlıq yaradıb. Saakaşvilinin məhz belə bir vəziyyətdə Gürcüstana həbs təhlükəsi fonunda gəlmək istəyi düşünürəm ki, boşuna deyil. Mixeil Saakaşvili bu ölkənin Müdafiə Qüvvələrinin zabit və hərbçilərinə müraciət etməsi də təbii ki, boşuna deyil. Görünür, o, bütün məsələləri nəzərə alıb və xalqın onu müdafiə edəcəyinə müəyyən mənada əminliyi var".   

Aynurə Pənahqızı