Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Görüşdə Qarabağ nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri sentyabrın 6-da ATƏT-in Minsk Qrupunun rusiyalı yeni həmsədri İqor Xovayevlə görüşüb.
“Toydan sonrakı nağara” barədə “Sherg.az”a danışan millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidovun fikrincə, bu, sözügedən qurumu dirçəltmək cəhdidir:
“Düşmən öz uğursuzluğunu, acizliyini nümayiş etdirərək beynəlxalq qurumlara proseslərə cəlb etmək istəyir. Kimsə bunu qorxduğu, kimsə revanşist niyyəti, kimsə də siyasi ambisiyiyaları üçün istəyir. Təkcə Minsk Qrupu deyil, digər beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurasını, Avropa Parlamentini də Qarabağa gətirmək istəyirlər. Gəlsinlər, bir söz demirik. Amma bizim mərkəzi idarəetmə strukturlarından icazə alsınlar. Digər tərəflər bunun icazəsiz olmasını istəyirlər. Onlar arzusunun heç bir əsası yoxdur. Yəni elə arzu olaraq da qalacaq. Bu, təkcə hüquqi yox, həm də fiziki baxımdan mümkünsüzdür”.
S.Seyidov, həmçinin cəhdlərin əbəs olduğunu bildirdi:
"Qarabağdakı reallıq tamam fərqlidir. Azərbaycan ordusu vəziyyətə nəzarət edir. Düşmən isə sadəcə özünü aldadır. Əslində baş nazir Nikol Paşinyan həqiqətləri anlayır. Amma o, Köçəryanın, Sarkisyanın siyasətindən istifadə edərək özünü revanşistlərdən qoruyur. Müxtəlif mənasız səyləri isə rəsmi İrəvanı böhrana daha da yaxınlaşdırır. Biz lazımi addımlarımızı atırıq və atacağıq. Qardaş Türkiyə ilə əlaqələrimiz daha da dərinləşməkdə, qarşılıqlı hərbi təlimlərimiz intensivləşməkdədir. Qarşı tərəflər bunlardan nəticə çıxarmalıdırlar”.
Kənan Novruzov