Noyabrın 8-də Şuşa ətrafında baş verən erməni təxribatı barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
Hadisə ilə bağlı XİN- mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda bu şəxslərin guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər:
“Qeyd etmək istərdik ki, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir. Fəaliyyət sülhməramlılarının müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur”.
L.Abdullayeva bunu da əlavə edib ki, sözügedən tarixdə Azərbaycan Respublikası Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirdi:
“Məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır. Eyni zamanda Ermənistan müdafiə nazirinin Azərb aycanını Qarabağ bölgəsinə qanunsuz səfər etməsi qarşı tərəfin növbəti təxribat əməlidir. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sühlməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət edir. Ümumiyyətlə, bu, üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır”.
Şuşadakı erməni təxribatını şərh edən siyasi şərhçi Turab Rzayev “Sherg.az”a açıqlamasında vurğulayıb ki, bu, əlbəttə bir təxribatdır:
“Ermənistan tərəfi 8 noyabrda Şuşada Azərbaycan Prezidenti və dövlət rəsmilərinin tədbirdə iştirak edəcəyini bilirdi. Ona görə də bu cür təxribat həyata keçiriblər. Düşmən bu kimi analoji təxribatlarla iki hədəf güdür. Onlardan biri Azərbaycanın Zəfər bayramını qeyd etməsinə mane olmaq, digəri isə müharibədən sonra erməni cəmiyyətində yaranmış məğlub xalq sindromundan irəli gələn travmanı yüngülləşdirməkdir. Məhz həmin gün qondarma separatçı rejimin müdafiə naziri Ermənistan müdafiə nazirinin noyabrın 6-sına olan dəvətini ayın 8 -də göndərilmiş kimi tirajladı. Bu da eyni məqsədə xidmət edir”.