Noyabrın 15-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tehranda iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə mətbuat konfransı keçirib. M.Çavuşoğlu konfransda deyib ki, regionda vacib hadisələr baş verir:
“Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir. Cənubi Qafqazın sabitliyi, xüsusilə də “3+3 formatı” ilə bağlı İranla müzakirələr aparırıq”.
O qeyd edib ki, həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürük.
İranla aparılan müzakirələri “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, rəsmi Tehranın regional əməkdaşlıqla bağlı bu formata dəstək vermək niyyəti ötən çıxışlardan bəlli olub:
“Türkiyə xarici işlər nazirinin səfəri zamanı Cənubi Qafqazdakı vəziyyət və Zəngəzur dəhlizi məsələsinin müzakirəsi istisna edilmir. Çünki “3+3 formatı”nda həm Türkiyə, həm də İranın maraqları təmin oluna bilər. Bundan başqa, regionda əməkdaşlığa və təhlükəsizliyə dəstək verər. İran və Türkiyə regionun aparıcı ölkələrindəndir”.
Politoloqun qənaətincə, İran da perspektivdə bu formata qoşulacaq:
“Düzdür, cənub qonşumuzun Azərbaycanla münasibətdə müəyyən gərginlik yaradan bəyanatlar və addımları olub. Amma nəticə etibarilə perspektivdə bu formata gəlməsi inkar edilmir. Ola bilər ki, yaxın zamanlarda mövcud məsələ ilə bağlı Azərbaycan,Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşü oldu. Eyni zamanda həmin görüşdə Türkiyə prezidentinin İrana səfər edəcəyi məsələsi də nəzərdə tutulub. Güman etmək olar ki, Türkiyə dövlət başçısının İrana səfəri zamanı İran rəhbərliyi ilə regional məsələlərə, xüsusilə də Cənubi Qafqaza dair proseslərin müzakirəsinə toxunulacaq. Bununla bağlı müəyyən anlaşmalara, razılaşmalara gəlirik”.