Xəbər verdiyimiz kimi, noyabrın 26-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçi görüşü keçirilib. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilib. 15 dekabrda isə Brüssel görüşü baş tutacaq. Bu danışıqlar Şərq Tərəfdaşlığının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcəyi gözlənilir.
Görüşlə bağlı gözləntilərini “Sherg.az”a bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti, politoloq Samir Hümbətovun qənaətincə, baş tuatacaq Brüssel görüşündə ciddi bir irəliləyiş, hər hansı yüksək səviyyəli bir sənədin imzalanması inandırıcı görünmür:
“Bu görüş məkan və təşkilatçılar baxımından fərqlidir. Ona görə də Avropa Birliyinin(Aİ) rəhbərliyi səviyyəsində tanışlıq xarakterli görüş adlandırmaq olar. Digər tərəfdən isə Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası kimi məsələlər Avropa Birliyinin iradəsi xaricindədir.
Hələ ki, Aİ məsələlərin həlli ilə bağlı hər hansı praqmatik addım atmaq iqtidarında deyil. Faktiki olaraq Rusiya məsələni monopoliyasına alıb. Onsuz da 26 noyabrda reallaşan Soçi görüşündən sonra demək olar ki, ümidlərimiz nisbətəın öləziyib.
Amma bu, o demək deyil ki, delimitasiya, demarkasiya və Naxçıvan dəhlizi ilə bağlı hansısa bir qərar, sənəd qəbul olunmayacaq. Olacaq, amma başqa bir məkanda, başqa bir vaxtda”.
Politoloq vurğulayıb ki, indiki zamanda Brüssel sammiti Şərq tərəfdaşlığının Zirvə toplantısı çərçivəsində sadəcə olaraq iki ölkə rəhbərinin görüşü kimi qiymətləndirilə bilər:
“Ola bilsin ki, müxtəlif məsələlər həll edilsin. Amma həmin müzakirələrin ciddi bir nəticə verəcəyini, dəhlizin açılması, sərhədlərin delimitasiya və demarkasiyanın həyata keçirilməsi yaxud ona bərabər məsələlərin həll olacağını düşünmürəm”.