“Azərbaycan müharibədən sonra bütün məsələlərdə əməkdaşlığa açıqdır”
“Ermənistan əməkdaşlığa açıqdırsa, doğru xəritələri verməlidir”
“Bu addımından sonra erməni əsrlərinin qaytarılması məsələsini müzakirə etmək olar”
ABŞ Azərbaycan və Ermənistanı humanitar məsələlər üzrə aktiv dialoqa çağırıb.
ATƏT-in İsveçin paytaxtı Stokholmdakı iclasında ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa olunmasını alqışladığını bildirib. Dövlət katibi tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa dəvət edirik - deyə qeyd edib.
Çağırışla bağlı “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, məsələnin bizim marağımıza uyğun olan tərəfi humanitar fəaliyyətdən söhbət getməsidir:
“Bura minalı ərazilərin xəritələri, əsirlərin dəyişdirilməsi kimi proseslər aiddir. Azərbaycan postmünaqişə dövründə humanitar məsələlərin həllinə ATƏT-in digər həmsədr ölkələrinin də, xüsusən Amerika və Fransanın qoşulmağını istəyirdi”.
A.Nərimanlı hesab edir ki, aktiv dialoq əslində ATƏT-in Minsk qrupunun digər həmsədr ölkəsinin postmünaqişə dövrünə dair çağırışıdır:
“Çağırışı Amerikanın Ermənistana etməsi daha effektiv ola bilərdi. Çünki Azərbaycan müharibədən sonra bütün məsələlərdə əməkdaşlığa açıqdır. İndiyə qədər humanitar məsələnin bir hissəsi olan mina xəritələrinin alınmasında ABŞ-ın, o cümlədən Qərb ölkələrinin də vasitəçiliyi olub. Lakin aldığımız mina xəritələrinin ən yaxşı halda 50 faizi doğru olub. Azərbaycanın bundan sonra xəritələrlə bağlı əsas tələbi ümumi minalı ərazilərin yox, məhz minaların basdırıldığı sahələrin xəritələridir. Ermənistan əməkdaşlığa açıqdırsa, doğru xəritələri verməlidir. Bu addımından sonra erməni əsrlərinin qaytarılması məsələsini müzakirə etmək olar”.