Fransız siyasətçinin qanunsuz səfəri!: “Laçın dəhlizi nəzarətə götürülsün” – FÜRSƏT!

Fransada prezidentliyə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər edib.Məhz buna görə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu ölkəyə nota verib. Bəyan olunub ki, V.Pekresin adı arzuolunmaz şəxslər siyahısına daxil edilib. 

Nazirlikdən bildirilib ki, prezidentliyə namizəd dekabrın 22-də Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib:"Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır. 

Xarici İşlər Nazirliyi qanunsuz səfər ilə bağlı Fransa Səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb.
Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb".

Pekresin qanunsuz səfərinin məqsədini “Sherg.az”a şərh edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə qeyd edib ki, bu addım Azərbaycanın Laçın dəhlizini ciddi nəzarətə götürməsi üçün  gözəl səbəbdir:

"Fransız siyasətçisi beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqla yanaşı, eyni zamanda faşist simvollarına öz “hörmətini” nümayiş etdirib. Sözügedən səfər Avropada, xüsusilə Fransada faşizmin və onun simvollarına münasibətdə ciddi cinayət hesab olunmalıdır. Bu məsələ Fransa ictimaiyyətinin də qarşısına fakt kimi qoyulmalıdır. Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdi, yenidən müharibəyə və revanşa çağırışlar Fransa tərəfindən həyata keçirilir. Zənnimcə,  xoşagəlməz haldır, ona baha başa gəlməlidir. Çünki Fransa faşizmdən əziyyətdən çəkən ölkə olub. Bu istiqamətdə hər hansı addım faşizmə dəstək deməkdir. Fransızlar durumu mənfi qiymətləndirməlidir".