ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsini nizamlamaq mandatı verilmiş Minsk qrupu 28 illik fəaliyyəti ərzində bu missiyanın həyata keçirilməsində heç bir nəticəyə nail olmayıb. Və indi, Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, artıq onun fəaliyyətinə ehtiyac qalmayıb. Prezident İlham Əliyev də dəfələrlə Ermənistanda və istənilən digər ölkədə Minsk qrupu haqqında istənilən spekulyasiyaların mənasız olduğunu vurğulayıb.
Ölkə başçısı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışında da növbəti dəfə bu məsələyə toxunub: “Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq.
Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.
Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan və ona himayədarlıq edən hansısa qüvvələrin ATƏT-in Minsk qrupunu diriltmək cəhdləri qəbuledilməzdir:
“Minsk qrupu Azərbaycanla Ermənistan arasında olan Qarabağ münaqişəsini həll etmək məqsədilə yaradılmışdı. 30 ilə yaxın Minsk qrupu mandatından irəli gələn normal fəaliyyət göstərmədi və üzərinə qoyulan işi yerinə yetirmədi. Nəticədə Qarabağ məsələsini Azərbaycan beynəlxalq qanunlara, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslanaraq öz gücünə həll etdi. 44 günlük müharibədən sonra Minsk qrupunun mandatı formal hala düşmüş oldu. Lakin Ermənistan və dünyadakı erməni diasporu çalışır ki, artıq fəaliyyəti sona çatmış olan Minsk qrupu yenidən dövriyyəyə girsin. Minsk qrupunu yenidən dirçəltməyə cəhdlərin heç bir mənası və məntiqi izahı yoxdur. ABŞ-ın yeni həmsədr təyin etməsi də formaldır və bununla nəyinsə dəyişməsi mümkün deyil və yerdəyişmələrin heç bir praktiki əhəmiyyəti olası deyil. Azərbaycanla Ermənistan arasında danışıqlarda, sülh prosesində, sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Rusiya, Avropa İttifaqının sədri iştirak edir. Ona görə də bundan sonra ATƏT-in Minsk qrupuna heç bir ehtiyac qalmayıb. ABŞ prosesdə Rusiyanın aktiv iştirakından ciddi surətdə narahatdır. Ona görə də Minsk qrupunu diriltməyə çalışır. Əsas məqsəd Rusiyanın və Avropa İttifaqı Şurasının regionda söz sahibi olmasının qarşısını almaqdır”.