Firudin Cəlilov: "Tarixin təkəri bizi ora aparır"
"İki türk şəhərinin, Şuşa və Türküstanın qardaş şəhərlər elan edilməsi çox vacib məsələdir. Bunun bizim üçün siyasi mahiyyətdən daha çox mənəvi tərəfi var".
Bu barədə Türküstan və Şuşanın qardaşlaşmasını "Sherg.az"a dəyərləndirən türkoloq alim, professor Firudin Cəlilov deyib. O bildirib ki, hər dəfə adamların qulağına bu adlar gələndə iki türk xalqının mənən birləşməsini düşünürlər:
"Təsəvvür edin ki, şəhərlərdən biri Qazaxıstandan digəri isə Azərbaycandadır. Bir-birindən uzaq olmalarına baxmayaraq qəlbləri bir döyünür və qardaş şəhərlər elan edilirlər. Mən bir neçə il öncə demişdim ki, 21-ci əsr türk əsri olacaq. İstəsələr də, istəməsələr də tarixin təkəri bizi ora aparır. Türk xalqlarının çox möhtəşəm keçmişi olub. Lakin zamanla o şanlı tarix aşınmaya məruz qalaraq bu vəziyyətə çatmışdı. İndi isə bu ölkələrin insanlarında olan potensial təpər yenidən oyanıb. Bu olaylar arzuların gerçəkləşməsidir və yalnız alqışa layiqdir".