Paşinyanın missiyası! -  “Rusiyaya qarşı bölgədə ABŞ-ın plasdarımını yaradır” – AKTUAL 

Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsinin əsas missiyası Rusiyanın Ermənistanın üzərindəki təsirini azaltmaq  və bölgədə Amerikanın plasdarımını yaratmaq idi”.

Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Ermənistanda gedən daxili proseslərə münasibət bildirərkən deyib.

Analitik bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsindəki küçə hərəkatını Amerika kəşfiyyatçılarının işləməsi iddiaları dolaşır:
“Hələ Trampın vaxtında Paşinyandan Qarabağ məsələsinin həlli və Rusiyanın bu məsələdəki təsirinin sıradan çıxarılması tələb olunurdu. Lakin pandemiya  dövründəki proseslər vəziyyəti dəyişdi. Rusiya bir növ qabağa düşdü. Ermənistanın danışıqlardan qaçması Azərbaycanın torpaqlarını hərbi yolla azad etməsinə gətirib çıxardı.

 Rusiya isə  bu məsələdə neytral mövqedə qaldı. Buna görə də rəsmi Moskva vəziyyətdən daha güclənmiş halda çıxdı. Müharibədən sonra Paşinyan hakimiyyəti rəsmi Moskva ilə yaxınlaşmaq istiqaməti götürmüşdü.

 Amma zaman-zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından(KTMT) çıxmaq məsələsi gündəmə gəldi. Sərhədlərimizdəki son erməni təxribatı da Rusiyanın üzv olduğu KTMT-ni gözdən salmaq üçün idi”.

Analitik onu da əlavə edib ki, son vəziyyət rəsmi İrəvanın Qərbə doğru yönəldiyini və ABŞ -la əlaqələr qurmaq istədiyini göstərir:

“Burada erməni diasporunun rolunu xüsusi vurğulamaq lazımdır. Münaqişənin həlli, sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin bərpası erməni diasporu üçün ciddi zərbə olacaq.

 Çünki bu diaspor uzun illərdir, qondarma soyqırımı üzərində idealoji baza formalaşdırır. Burada Kremlin məsələyə necə reaksiya verəcəyi sualı yaranır.

 Rəsmi Moskva Ermənistanın “oyun” oynadığını anlayır və bunu heç də yumşaq qarşılamayacaq. 

Rusiya üçün bazası olan Ermənistanı itirmək Cənubi Qafqazda ciddi güc əksilməsi deməkdir. Rəsmi Moskva vasitəçilik etdiyi razılaşmaların yerinə yetirilməsini daha sərt şəkildə tələb etməyə başlayacaq. 

Rusiyaya da hakimiyyət dəyişikliyi sərf etmir. Onlara razılaşmalara imza atan Paşinyanın bu razılaşmaları icra etməsi daha vacibdir. Bundan sonra isə Paşinyanı devirmək daha asan olacaq”.

Qeyd edək ki, sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan Azərbaycanla sərhəddə genişmiqyaslı təxribat törədib. Bu təxribata cavab olaraq Azərbaycan ordusu düşməni ağır itkilərə məruz qoyub. Bundan başqa, bir neçə önəmli strateji mövqe və yüksəkliyi ələ keçirib. Məlum hadisələrdən sonra Ermənistan daxilində  Paşinyan hakimiyyətinə qarşı  ciddi aksiyalar başlayıb. Hətta Paşinyanın hakimiyyətdən devrilməsi məsələsi gündəmə gəlib.