"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında müzakirə oluna biləcək bir çox məsələ var. Praqa görüşündə R.T.Ərdoğan, Ermənistanın baş naziri N.Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev arasındakı görüşlər, Ərdoğanın digər Avropa liderləri ilə keçirdiyi toplantılar əsas müzakirə mövzularındandır".
Bunu "Sherg.az"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.
Politoloq bildirib ki, liderlər Türkiyə-Ermənistan münasibətləri, Ermənistan -Azərbaycan məsələlərinə toxuna, eləcə də Ukraynadakı hadisələr haqqında söhbət apara bilərlər:
" V. Putin səfərbərlik elan edərək daha çox qüvvəni Ukraynaya göndərməyə çalışır. Taxıl böhranı barədə məsələdə də yeni müqavilənin imzalanması gözlənilir. Çünki sazişin vaxtı tamam olur, yeniləmək lazımdır. Rusiya taxıl və gübrəsinin dünya bazarına çıxarılması məsələsi də müzakirənin gündəliyindədir.
Avropa və Amerikanın Rusiyaya qarşı yeni sanksiyaları işə düşür. Rus qazının Türkiyəyə tədarükü məsələsindən danışıla bilər. Ticarət, iqtisadi əməkdaşlıq müzakirə predmetləridir. Nüvə elektrik stansiyanın tikintisinin davam etdirilməsində kriz yaranmışdı. İndi isə aradan qaldırılması gündəmdədir. Şanxay Əməkdaşlıq Təşkilatı görüşündən sonra V.Putinlə R.T.Ərdoğan telefonla danışmamışdı".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. İki ölkənin lideri Türkiyə-Rusiya münasibətlərini, həmçinin Rusiya-Ukrayna müharibəsi ətrafında cərəyan edən son hadisələri müzakirə ediblər.