8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Nazir bildirib ki, Azərbaycan üçüncü tərəflərin bölgədə törətmək istədiyi bütün təxribatların qarşısını alacaq:
"Bölgədə yeni imkanlar yarandığı, Azərbaycanın azad edilən ərazilərini bərpa etdiyi bir dövrdə hər hansı üçüncü tərəflər tərəfindən destruktiv və təxribatyönümlü addımların atılması tamamilə yolverilməzdir. Azərbaycan dövlətinin bölgənin inkişafı ilə bağlı planları hamıya məlumdur".
Nazirin çıxışını "Sherg.az"a dəyərləndirən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov söyləyib ki, Ermənistan - Azərbaycan münaqişəsində üçüncü tərəflərin bölgədə törətmək istədiyi təxribatların sayı hesabı yoxdur:
" Son dövrlər İran və Rusiyanın təşəbbüsü ilə bölgədə gərginlik artır. İran həm Ermənistanı silahlandırır, həm də siyasi bəyanatlar verərək dəstəkləyir. Ermənistanın Qafan şəhərində Baş konsulluq açır. Erməni hərbçiləri öz ərazisində dron təlimlərinə cəlb edir. Rusiya erməni əsilli ən zəngin iş adamlarından biri Ruben Vardaryanı Qarabağa gətirməklə prosesləri qızışdırır. Mitinq keçirməklə durumu ağırlaşdırır.
Ceyhun Bayramovun fikirləri də doğrudur. Hökumət səssiz qalmayacaq.
Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Beynəlxalq hüquq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Regionda baş verən istənilən hadisəyə adekvat cavab vermək hüququmuz var.
İstər Rusiyanın, istər İranın Azərbaycandan müəyyən qədər asılılığı mövcuddur. Ölkəmiz sülhün, qarşılıqlı dostluq münasibətlərinin tərəfdarıdır. Başqaları bizə eyni münasibəti sərgiləmirsə, onda əlavə tədbirlər görüləcək.
Azərbaycan yaxın zamanlarda baş verə biləcək istənilən təxribata qarşı adekvat tədbirlər həyata keçirə biləcək".