“Ermənistan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir”.
Bu barədə ölkənin baş nazir Nikol Paşinyan mətbuat konfransında bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bəyan etmişdi.
Paşinyanın sözlərinə görə, bu, təlimlər baş tutmayacaq.
Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, Ermənistan Qərbə arxalanaraq bu addımları atır:
"Xatırlayırsızsa, Paşinyanın hakimiyyətə gəlməsi üçün inqilab təşkil olundu. Qərbin liberal qüvvələri ona dəstək verdilər. Bu dəstəyin qarşılığında qabağına qoyulan əsas tələb, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxararaq Qərbə inteqrasiya etməsi və rus ordusunun onun ərazisindən çıxarılması idi.
Əlbəttə, bu kifayət qədər çətin bir missiya hesab oluna bilər. Amma Paşinyan hakimiyyətə gəldiyi zaman, insanlar küçələrə çıxaraq rus ordusunun Gümrüdən çıxarılmasını tələb etdilər. Daha sonra isə erməni cəmiyyətinin başı Qarabağ müharibəsinə qarışdı".
Analitik qeyd edib ki, istənilən halda biz Paşinyanın bu plana sadiq qaldığını gördük:
"Çünki müharibə dövründə də əsas gündəm Kremlin İrəvana yardım etməyərək, onlara xəyanət etməsi idi. İndi də bu gündəm davam etdirilir. Ermənistanın KTMT-nin təşkil etdiyi görüşlərə qatılmaması və İrəvandakı iclasda Paşinyanın yekun sənədi imzalamaması, bizə Nikolun açıq şəkildə “Ermənistan Rusiya ilə müttəfiqlikdən uzaqlaşmaq istəyir” siqnalı ötürdüyündən xəbər verir.
Hətta buna görə sərhəddə xarici hərbi dəstək dəvət edir və Avropa İttifaqının göndərdiyi monitorinq qrupunun vaxtının uzadılmasını istəyir. Bütün bunlara eyni sistemin tərkibində baxdıqda, Paşinyanın Kremlin rəhbərliyi altında olan təşkilatlarda aktiv iştirak etmək istəmədiyi bəlli olur. Ermənistanda keçiriləcək təlimlərdən imtina da sırf bununla bağlıdır. Ümumiyyətlə, Putinin Ukraynada düçar olduğu biabırçı vəziyyət, Paşinyanda “Rusiya Ermənistanı açıq şəkildə cəzalandıra bilməz” düşüncəsi yaradır. Bu səbəblə də açıq çəkildə addımlar atır.
Rəsmi İrəvanı cəsarətləndirən isə son günlərdə Ermənistana səfər edən Amerika və Britaniyanın kəşfiyyat idarələrinin rəhbərləridir".