“Onsuz da biz Fransa Parlamentinin qərarlarından asılı olmayaraq, birbaşa sanksiyaları gözləmirdik”
“Ən azıdan 2 mühüm məsələyə görə. Birincisi, Avropa sərt enerji böhranındadır”
“Avropa İttifaqının əlavə enerji resursları axtardığı bir dövrdə Azərbaycana qarşı sanksiya tətbiq etməzdi. İkincisi, Fransanın bu təşəbbüsü heç Avropa İttifaqı daxilində də dəstək görmədi”
Paris beynəlxalq hüquqa uyğun olaraq Qarabağın müstəqilliyini tanımır.
Bunu Fransa parlamentinin sədri Yael Braun-Pive Ermənistan parlamentinin sədri Alen Simonyanla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sentyabr hadisələri Fransada ciddi rezonans doğurdu və parlament buna Azərbaycanın əleyhinə qətnamə qəbul edərək reaksiya verdi.
“Bu sənədin məqsədi Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasıdır”, - deyə Fransa parlamentinin sədri bildirib.
O xatırladıb ki, parlament Ermənistana yardımı gücləndirmək, İrəvanla Bakı arasında dialoqu dəstəkləmək çağırışı ilə Fransa hökumətinə də müraciət edib.
Fransa parlament sədri münaqişənin sülh yolu ilə və uzunmüddətli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun bərpasının zəruriliyini vurğulayıb.
Bunun Fransanın ənənəvi siyasəti olduğunu deyən siyasi şərhçi Turab Rzayev “Sherg.az”a vurğulayıb ki, onlar fərqli ölkələrə qarşı təzyiq planı həyata keçirirlər:
"Uğursuzluğa düçar olduqda isə diplomatik münasibətləri inkişaf etdirərək əlaqələri normallaşdırmağa çalışırlar. Bu, Vətən müharibəsindən əvvəlki dövrdə də, sonra da belə olub.
Xatırlayırsızsa, savaş zamanı Fransa bizə qarşı açıq şəkildə təhdidlər irəli sürürdü. Müharibədən sonra Brüssel görüşləri ərəfəsində Ermənistan, Azərbaycan, Fransa liderlərinin və Avropa Birliyi nümayəndəsinin iştirakı ilə dörd tərəfli görüş keçirildi. Bundan sonra rəsmi Paris ilə Bakı arasındakı münasibətlərin normal olacağına qərar verildi.
Həmçinin Fransa Praqa görüşünün ardından açıq şəkildə Ermənistan-Azərbaycan arasındakı sülh müzakirələrini baykot etdi və yenidən bizə qarşı sanksiya məsələsini gündəmə gətirdi. Fransa XİN-i və Makron Azərbaycan əleyhinə açıqlamalar verdi. Biz hər zaman rəsmi Parisin qərəzli və tək tərəfli addımlardan əl çəkəcəyini gözləyirik. Lakin Fransanın hiyləgər və qərəzli siyasət yürütməsi bizi narahat edir".
Analitikin sözlərinə görə münasibətlər yaxşılaşsa belə Fransanın ilk fürsətdə Azərbaycanın əlehinə addımlar atmayacağına bel bağlamaq olmaz:
"Yəni Fransa artıq etibarlılığını itirib. Onsuz da biz Fransa Parlamentinin qərarlarından asılı olmayaraq, birbaşa sanksiyaları gözləmirdik. Ən azıdan 2 mühüm məsələyə görə.
Birincisi, Avropa sərt enerji böhranındadır. Avropa İttifaqının əlavə enerji resursları axtardığı bir dövrdə Azərbaycana qarşı sanksiya tətbiq etməzdi. İkincisi, Fransanın bu təşəbbüsü heç Avropa İttifaqı daxilində də dəstək görmədi.
Hətta Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaları gündəmə çıxartmadı. Üstəlik, həmin dövrdə sərhəddəki nəzarət missiyasının çıxarılması, bizə Avropa İttifaqının mövqeyinin rəsmi Parislə üst-üstə düşmədiyini deməyə əsas verir.
Ümumiyyətlə, Fransanın Bakıya qarşı eyni təzyiq mexanizmindən istifadə etməsi, bunu mənasızlaşdırır. Ümid edək ki, bu dəfə Parislə Bakı arasındakı dialoq normal alınacaq və onlar ermənipərəst mövqelərindən əl çəkəcəklər. Amma bu, çox çətin görünür.
Çünki Fransanın öz maraqlarını Azərbaycanın geopolitik rəqibləri ilə bir istiqamətdə qurduğu görünür. Ancaq bu şəraitdə təzyiqin aşağı düşməsi və münasibətlərin normallaşması da mümkündür".