“Aİ-nin missiyası rus sülhməramlılarının önünə keçəcək”


“Həmçinin bu missiyanın yenidən gəlməsi Rusiya sülhməramlılarının ehtimal olunan təxribatının qarşısını ala və Kremlin regiondakı təsir gücünü neytrallaşdıra bilər”


Avropa İttifaqı (Aİ) Ermənistana yeni missiya göndərəcək. Bu barədə diplomatik mənbələrdən bildirilib.
Qeyd olunub ki, bu dəfəki missiyanın müddətinin 2 ay yox, 2 il olması nəzərdə tutulub. Məlumata görə, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib. Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi layihəni bəyənib.

Bildirilib ki, 200-ə yaxın avropalı mütəxəssis yeni missiyanın tərkibində təmsil olunacaq.
Xatırladaq ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar qəbul etmişdi.

Avropa İttifaqı və Azərbaycan arasında normal münasibətlərin olduğunu deyən siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a bildirib ki, missiyanın göndərilməsi prinsip etibarı ilə bizim üçün heç bir təhlükə vəd etmir:  

“Aİ Ermənistanla Azərbaycan arasındakı problemlərin həll olunmasında kifayət qədər səmimi səylər göstərib. Çünki Avropanın iqtisadi baxımdan Azərbaycana ehtiyacı var. Digər tərəfdən Avropa İttifaqının səmimi şəkildə addım atması, Ermənistanın Qərbə inteqrasiya etməsinə və Bakı ilə İrəvan arasındakı münasibətlərin yaxşılaşmasına töhfə verə bilər. Yəni Ermənistan və Azərbaycanın eyni tərəfə yönəlməsi ortaq maraqlar və mənfəətlər ortaya qoyacaq. Həmçinin bu missiyanın yenidən gəlməsi Rusiya sülhməramlılarının ehtimal olunan təxribatının qarşısını ala və Kremlin regiondakı təsir gücünü neytrallaşdıra bilər. Sözügedən missiyanın əraziyə gəlməsinin həm də sülhməramlıların mandatının qarşıdakı beş il uzadılmasının önünə keçmə ehtimalı var”.