“Məhz bu səbəbdən Azərbaycan öz ərazilərindən provokasiya törətmək niyyəti olan Ermənistan silahlı qüvvələrini çıxarmalıdır"
"Ermənistan Avropa Birliyinin, ABŞ-ın sülhə çağırışlarına müsbət cavab vermir".
Bunu "Sherg.az"a millət vəkili Asim Mollazadə ABŞ-ın Azərbaycan və Ermənistanı konstruktiv danışıqlara çağırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qarşı tərəf nə Vaşinqton, nə də Brüsseldəki danışıqlar nəticəsində razılaşmalara gedir:
"Bununla yanaşı, Moskva və Soçidə imzalanan sənədləri də icra etmir. Sanki nədənsə çəkinir, sülhdən qorxur. Həm xaricdə fəaliyyət göstərən erməni diasporu, həm daxildəki radikallar, həm də bəzi ölkələr sülhün qarşısını almağa çalışırlar. Ona görə də Ermənistan rəhbərliyini hədələyirlər.
Beləliklə, çağırışlar bir nəticəyə varmağa kömək etmir. Daxildə fəaliyyət göstərən erməni icması, radikal erməni qruplaşmaları yenə hər hansı təxribatlara əl atmaq istəyəcəklər. Məhz bu səbəbdən Azərbaycan öz ərazilərindən provokasiya törətmək niyyəti olan Ermənistan silahlı qüvvələrini çıxartmalıdır".
Qeyd edək ki, ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter ATƏT Daimi Şurasının xüsusi iclasında çıxış edib. O bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanı mübahisəli məsələlərin həlli üçün konstruktiv danışıqları bərpa etməyə təşviq edir:“Hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və davamlı sülhə aparan yeganə yoldur”.