Paşinyanın planı baş tutmayacaq! – “Əksinə, zaman itirir”




"Paşinyanın indiki vəziyyətdə verdiyi açıqlamaları gözardı etmək doğru olmaz, amma birmənalı şəkildə rəsmi qərar kimi də qəbul etməməliyik".

Bu fikirləri "Sherg.az"a siyasi şərhçi Həşim Səhrablı Paşinyanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyən açıqlamasına münasibət bildirərkən vurğulayıb. Onun sözlərinə görə, Ermənistan baş nazirinin bu tip çıxışları dəfələrlə olub və vaxt qazanmağa hesablanıb:
"İndi Paşinyanın məlum açıqlamasının zaman mübarizə niyyətli və ya həqiqətən də, Ermənistanın dalana dirəndiyinin sübutu olduğunu demək mümkün deyil. Amma istənilən halda rəsmi Bakı Ermənistanın açıqlamasına arxayın ola bilməz. Yenə də sülh sazişi ilə bağlı qarşı tərəfə təzyiq göstərməyə davam edəcək. Bir müddət əvvəl xəbər yayıldı ki, artıq Azərbaycan tərəfi Qarabağda təbiətə vurulan zərərlə bağlı beynəlxalq müstəvidə kampaniya başladıb.  Ermənistan Azərbaycana dəymiş ziyanı qarşılamalıdır. Hər halda rəsmi İrəvan düşünür ki, Azərbaycan düşmən ölkəyə təzminat davaları açaraq, onu daha pis vəziyyətə sala bilər. Hazırda onsuz da Ermənistanın iqtisadi durumu bərbaddır. Təzminatı ödəyə bilməyəcək haldadır. Paşinyanın sözügedən çıxışı da vaxt qazanaraq, daxili problemlərini həll etməyə yönəlib. Amma yenə də qurduqları planlar baş tutmayacaq. Əksinə, zaman itirir. Dünyanın sürətlə dəyişməsi fonunda Ermənistan da öz yerini almalıdır. İlk növbədə, sərhədlərindəki problemləri yoluna qoymalıdır. Alternativ variant kimi deyə bilərik ki, Paşinyan hazırda Ermənistanı çətin vəziyyətdən çıxarmaq üçün havadarlarına arxayındır, onlardan dəstək almağa çalışır".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, rəsmi İrəvan Praqa razılaşmaları əsasında Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Bu barədə Ermənistan mediası məlumat yayıb. Baş nazir bildirib ki, regionda sabit vəziyyəti qorumağın ən yaxşı yolu problemlərin sülh yolu ilə həll yoludur.