Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Avropa ölkələri və onların təşkilatlandığı qurumlar növbəti dəfə ənənələrinə sadiq qalıb.
Belə ki, Avropa Parlamenti Azərbaycanın Ermənistana qarşı guya törətdiyi uydurma sentyabr təcavüzünü və Laçın dəhlizinin dırnaqarası blokadasını pisləyən qətnamə qəbul edib.
Azərbaycana qarşı haqsızlıq nümayiş olunduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, Naxçıvanın 30 ilə yaxın blokadada olduğuna münasibət bildirməyən Avropa Parlamenti bu məsələni gündəmə gətirir:
"Sual yaranır ki, niyə 20-30 min erməninin "blokada”da qalması onları narahat edir, amma 300-400 min azərbaycanlının blokadada qalması onları narahat etmir? Bu gün həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm sülhməramlılar, həm də mülki əhali Laçın yolundan rahatlıqla keçirlər. Buna baxmayaraq Azərbaycana qarşı qərəzli addım atılır. Məsələni isə erməni lobbisinin üzərinə atmaq doğru deyil. Çünki orada bütün Avropa ölkələrindən olan millət vəkilləri var. Yəni ortada bir xristian həmrəyliyi görünür. Xüsusən də solçu liberal qanad ermənilərlə yaxındır və Azərbaycan hakimiyyətinə nifrət edirlər. Eyni zamanda Ermənistan əhalisi sırf xristian olduğu üçün onu dəstəkləyirlər".
Analitik qeyd edib ki, burada bizim də səhvlərimiz var:
"Düşünürəm ki, biz özümüzü yetəri qədər ifadə edə bilməmişik. Ancaq 44 günlük Vətən müharibəsində özümüzü yetəri qədər Avropa və dünya cəmiyyətinə ifadə etdik. Ölkə başçısı hər gün kanallara çıxaraq, açıq şəkildə suallara cavab verirdi. Eyni zamanda xarici siyasət idarəsi də bu prosesi uyğun şəkildə yeridirdi. Belə hesab edirəm ki, ekofəalların aksiyası ilə bağlı özümüzü dünya ictimaiyyətinə tam izah edə bilmədik.
Burada Xarici İşlər Nazirliyinə və diplomatlarımıza xüsusi öhdəlik düşür. Digər tərəfdən media nümayəndələri və QHT-lər də dünyanı açıq şəkildə məlumatlandırmalıdır. Lazım olsa, aparıcı media qurumları və dünya QHT-ləri Laçın yoluna dəvət olunaraq, orada heç bir blokadanın olmadığı göstərilməlidir. Düzdür, son günlər bununla bağlı müəyyən işlər görülür. Ancaq bunu daha da inkişaf etdirərək, özümüzü Qərbə və Avropaya daha yaxşı izah etməliyik.
Onlar nə qədər qərəzli və təktərəfli mövqedə olsalar da, real faktlar qarşısında Azərbaycanın mövqeyini dinləməyə məcbur qalacaqlar".