XİN başçılarının görüşü! – Azərbaycan Naxçıvana birbaşa yol əldə edib? - ŞƏRH

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də məlumat yayıb.
Görüşdə regional və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüşün gizlinlərini "Sherg.az"a açan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib ki, bizim aramızda açıq qalan bir çox məsələlər var:

"İran tərəfi hələ də Azərbaycana qarşı tənqidlərini dayandırmayıb. Rəsmi Bakı isə vaxtaşırı ölkənin birinci kanalı vasitəsilə rəsmi Tehranı başa düşəcəyi dildə mesajlar verir. Mən şübhə etmirəm ki, Anna Akopyanın səfəri də bu prizmadan qiymətləndirilməlidir. 

Yəni biz yaxşı bilirik ki, bu səfərdə də kifayət qədər mühüm məsələlər yer almışdı. Bütövlükdə isə iki ölkənin dialoq kanallarını tam kəsməsi mümkün deyil. Bunlar vaxtaşırı müzakirə olunmalıdır. 

Müxtəlif platformalarda davamlı şəkildə əlaqənin saxlanılması və danışıqların aparılması isə çox mühümdür. Müzakirə olunacaq mövzular içərisində isə ən mühümü Azərbaycanın Naxçıvana birbaşa yol əldə etməsidir. 

Bu yolun bir hissəsi İrandan, digəri isə Zəngəzurdan keçir. Biz bu məsələlərdə problemlə qarşılaşmışıq. Bunlar mütləq danışıqlar masasında həll edilməlidir".