“Onlar ya dalana dirənmiş Ermənistanı seçməlidirlər, ya da dəhlizlərin mərkəzində yerləşən və dünyanı enerji ilə təmin edən Azərbaycanla uzlaşma tapacaqlar"
Fransada neft emalı zavodları, energetika və liman sektorunun işçiləri hökumətin pensiya islahatına qarşı tətil etmək qərarına gəliblər.
Fransa mətbuatında çıxan xəbərlərə görə, pensiya yaşının 64-ə qaldırılması islahatı əleyhinə olan tətil “CGT Petrole” həmkarlar ittifaqının çağırışı ilə başlayıb.
Neftayırma zavodlarından anbarlara yanacaq daşınmasını dayandırmağı planlaşdıran işçilərin tətili sabah da davam edəcək.
“CGT” həmkarlar ittifaqı bildirib ki, “TotalEnergies” şirkətinin şimal Flandriya neft anbarındakı işçilərinin 100 faizi, Normandiya neft emalı zavodunun əməkdaşlarının 80 faizi və cənubdakı “La Mede” neft emalı zavodunun fəhlələrinin 50 faizi tətilə qatılıb.
Fransa kimi Avropanın aparıcı ölkələrinin yüz illiyə hesablanmış siyasi xətləri olduğunu deyən siyasi şərhçi Rusif Məmmədsoy "Sherg.az"a söyləyib ki, bu siyasətin tərkib hissəsindən biri də Cənubi Qafqaza yerləşmək və orada söz sahibinə çevrilməkdir:
"Ancaq bu gün Cənubi Qafqazda onların varlığını şərtləndirən heç bir amil yoxdur. Əlbəttə, Nikol Paşinyan hökuməti ilə danışıqlar nəticəsində Aİ-nin Fransanın təkidi ilə missiya göndərmək cəhdləri Parisin strategiyasının tərkib hissələrindən biridir. Ancaq ümumilikdə götürdükdə onların daxili və xarici siyasətində müəyyən fərqlər var.
Bu sadəcə indi üçün səciyyəvi deyil. Əvvəllər, də belə hadisələr olub və Fransadan danışarkən belə aksiyaların olması təəccüblü deyil. Çünki orada həmkarlar ittifaqı o qədər güclüdür ki, hökümətin qərarlarına qarşı çıxmaq üçün bir anda toplaşır. Məsələn, dəfələrlə hava limanlarında iş dayandırılaraq hökuməti istədiklərini həyata keçirməyə məcbur ediblər. Bununla yanaşı "Sarı jiletlilər" aksiyası da sadəcə daxili proses deyildi. Orada xarici güclərin də təsiri var idi. Bu isə Fransa hökümətinə verilən bir mesaj hesab edilir".
Analitik qeyd edib ki, Fransanın daxilindəki aksiyaların Makron hökumətinin xarici siyasətinə yansıyacağını düşünmür:
"Parisin yürütdüyü siyasətin qarşısını Azərbaycan və Türkiyə birliyi alır. Xüsusən də bu günə Bakıya olan təzyiqlər Ankarayla olan yaxın münasibətin nəticəsidir. Onlar Türkiyənin Cənubi Qafqazdakı fəaliyyətindən narahatdırlar və bunun qarşısını almaq istəyirlər. Amma bunu bacarmayacaqlar. Ona görə ki,Türkiyə və onun silahı qüvvələri artıq Cənubi Qafqazdadır. Buna görə də Azərbaycanı heç kəs təkliyə bilməz və bundan sonrakı proseslərdə Fransa kimi dövlətlər yüz ölçüb-biçməlidirlər. Onlar ya dalana dirənmiş Ermənistanı seçməlidirlər, ya da dəhlizlərin mərkəzində yerləşən və dünyanı enerji ilə təmin edən Azərbaycanla uzlaşma tapacaqlar".