Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla yaxın zamanlarda görüşəcək. Bu barədə erməni nazir parlamentdə çıxışı zamanı deyib. Mirzoyan Ermənistan və Azərbaycanın vasitəçilər və beynəlxalq nümayəndələrdən də danışıqların keçirilməsinə təkliflərin olduğunu da vurğulayıb.
Baş tutacaq görüşün mahiyyətini "Sherg.az"a dəyərləndirən Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl qeyd edib ki, problemlərin həlli üçün qarşılıqlı təmaslar şərtdir:
"Məsələlərin tez bir zamanda həll edilməsi üçün sadə metodlar var. Bu Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır.
Amma gördüyümüz kimi bu bir az uzaqdır. Yəni indiki vəziyyət prosesi uzadır və problemlərin yaranmasına gətirib çıxarır.
Sərhəddə delimitasiya olmadığı üçün iki ölkə arasında hərbi gərginlik baş verir.
Belə vəziyyətdə isə iki ölkə arasındakı problemlərin həlli üçün tərəflər ortaq razılığa gəlməlidir.
Ancaq biz Ermənistan tərəfinin açıqlamalarına baxdığımız zaman realist yanaşmaların olduğunu görmürük. Bu da onu göstərir ki, Ermənistan özü nə istədiyini bilmir.
Yəni bu ölkə daxilində ziddiyyətli məqamlar var.
Düşünürəm ki, Bayramov Mirzoyan görüşündə sərhəd problemi, atəşkəsin pozulmasının qarşısının alınması, Qarabağda yaşayan ermənilərlə vəziyyət və Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə oluna bilər".