"Məmmədrza şahın oğlu Rza Pəhləvinin İsrail səfəri qeyri-adi deyil. Bu tip münasibətləri olan bütün dövlətlər müxaliflər ilə əlaqə saxlayaraq perspektiv əməkdaşlığı müzakirə edə bilirlər".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Sədrəddin Soltan sonuncu İran şahının oğlu Rza Pəhləvinin İsrail kəşfiyyat naziri ilə planlaşdırılan görüşündən danışarkən deyib.
O bildirib ki, Rza Pəhləvinin İsrail hökuməti tərəfindən dəvəti əməkdaşlığın qurulması üçün danışıqların aparılmasına hesablanıb:
"Əslində Rza Pəhləvi İran taxt-tacının varisi deyil. Çünki Məmmədrza şah hakimiyyətdə olduğu dövrdə onu vəliəhd elan edə bilmədi. Buna həm Rza Pəhləvinin yaşı çatmırdı. həm də ölkədən qovulandan sonra xəstəliyi ilə əlaqədar bu məsələni elan etməyə imkanı olmadı. Odur ki, Rza Pəhləvinin İran taxtının qanuni varisi sayılması düzgün deyil. Digər tərəfdən "Pəhləvilər" İranda taxt-tacı qanuni yox, çevriliş yolu ilə ələ keçirdiklərindən, bu sülalənin hakimiyyəti legitim deyil".
Analitikin sözlərinə görə "Pəhləvilər" 1920-ci ildə Qacarlar sülaləsinin devrilməsi nəticəsində xarici qüvvələrin, xüsusilə Böyük Britaniya krallığının hakimiyyətdə oturduğu nəsildir:
"Bu baxımdan Rza Pəhləvini vəliəhd saymaq məntiqi deyil. O ki, qaldı Rza Pəhləvinin vasitəsilə İranda İnqilab etməyə, Cənub qonşumuzda hadisələri dəyişmək tək bir siyasi qüvvənin gücü daxilində olacaq məsələ deyil. Rza Pəhləvinin İsrail səfəri İran hökuməti tərəfindən yaxşı qarşılanmır və tənqid olunur. İranda çıxan "Təsnim" qazeti Rza Pəhləvinin İsrail səfərini işğal olunmuş ərazilərə səyahət adladırır. Bildirilir ki, "Şəhzadə indi səyahət etmək vaxdıdır?". Bu İran tərəfinin səfəri müsbət qarşılamadığını göstərir".
Sədrəddin Soltan əlavə edib ki, Məmmədrza şahın dövründə də Fələstin məsələsi mövcud idi:
"O həm Fələstin xalqının hüquqlarını müdafiə edir, həm də İsraillə əlaqələrini davam etdirirdi. Amma indiki rejim hakimiyyətə gəldikdən sonra İsrail dövlətinin məhv olması şüarını irəli sürdü. Yəni onlar Fələstinin azad olması ilə bağlı regiona təzyiq etmək, və İsraillə münasibətləri pozmaq xəttini seçdi. Rza Pəhləvi isə səfərini "Mən İsrailə İran xalqının dostluq mesajını çatdırmaq üçün gedirəm" kimi dəyərləndirib. Ümumiyyətlə Rza Pəhləvi Tehran rejiminə qarşı olan və İsrail tərəfindən ölkədən qarşılanan ilk siyasi-ictimai hərəkat lideridir. Perspektivdə bu tip siyasi liderlərin İsrailə səfəri, yaxud İsrail hakimiyyət dairələrinin İranlı siyasi müxaliflərlə əlaqələrinin artması mümkündür".
Qeyd edək ki, İsrail hökumətinin mətbuat xidməti sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi yaxın günlərdə İsrailə səfər edəcəyi ila bağlı məlumat yayıb.
Bildirilib ki, İran İslam İnqilabından əvvəl vəliəhd şahzadə titulu daşıyan xarici qonağı İsrailin kəşfiyyat naziri Gila Qamliel qəbul edəcək.
Səfər zamanı Pəhləvi bu il İsraildə aprelin 17-dən 18-dək qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü münasibətilə rəsmi mərasimlərdə iştirak edəcək.
Bundan başqa, İsraildə olduğu müddətdə o, yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirməyi, İsrailin sutəmizləmə texnologiyaları ilə tanış olmağı, Qüdsdəki Ağlama Divarını ziyarət etməyi, İsrailə köçmüş İran yəhudiləri icması və bəhai dininin tərəfdarları ilə ünsiyyət qurmağı planlaşdırır.
Hökumətin mətbuat xidmətində qeyd edildiyi kimi, Pəhləvi “İsrailə açıq səfərlər etmiş şəxslər arasında ən yüksək rütbəli iranlı şəxs” olacaq. İsrail hakimiyyəti bu səfərin məqsədini “İsrail ilə İran xalqı arasında körpünün yaradılması və ayətullah rejiminə birgə müqavimətin ifadəsi” adlandırır. Hesabatda iki dəfə qeyd olunub ki, Pəhləvi İranda “taxtın varisi”dir.