İranda çox böyük iqtisadi problemlər yaşanır

Buna görə hökumət vitse-prezidenti istefaya göndərməyə məcbur qalıb


İranın vitse-prezidenti Məsud Mirkazemi istefa verib. Bunu İran hökumətinin mətbuat katibi Əli Bahaduri Cahromi deyib.
Onun sözlərinə görə, M.Mirkazemi səhhətində yaranan problemlərə görə vəzifədən ayrılıb.
İran Prezidenti İbrahim Rəisi Nazirlər Kabinetinin aprelin 17-də keçirilən iclasında bildirib ki, ictimaiyyət və mətbuat M.Mirkazeminin işdən çıxmasını problem kimi dəyərləndirməməlidir: “Hökumət onun təcrübəsindən istifadə edəcək”.
Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, Mirkazeminin istefasının daha çox iqtisadi səbəblərlə bağlı olduğu görünür:



 
"Düzdür istefa ilə bağlı birbaşa açıqlama verilmir. Çünki bu daxildəki böyük iqtisadi təzyiqlərin nəticəsidir. Yəni əhali iqtisadi vəziyyətin bərbadlığından əziyyət çəkir. Hətta iqtidar qanadından bəzi molların da iqtisadi vəziyyət ilə bağlı təzyiqi var. Buna görə də İran hökuməti vitse-prezidenti istefaya göndərməyə məcbur qalıb. Həmçinin İran parlamentinin sədri Məhəmməd Qalibaf onu müdafiə etməyə çalışırdı. Lakin bu alınmadı. Bundan əvvəl də Mərkəzi Bankın rəhbəri istefaya getmişdi. Digər tərəfdən Mirkazemi həm də büdcə komissiyasının rəhbəri idi. Onun daha çox büdcə komissiyasındakı səhvləri ilə əlaqədar istefaya göndərildiyini düşünürəm. Hökumətin açıqlaması isə Mirkazeminin məcburi istefaya göndərilməsinin bilinməsi üçündür. Onun yerinə Vergilər nazirliyindən Davud Mansurun gələ biləyi ehtimal edilir".
 Analitikin sözlərinə görə, İran dayanmadan pul kəsir:
"Mirkazemi iddia edir ki, onlar büdcənin 93 faizini yerinə yetiriblər. Əslində bəlkə də bu rəqəmlər üzərində baş verib. Amma sual yaranır ki, nəyin hesabına? İran hökuməti büdcədəki çatışmazlığı təmin etmək üçün dayanmadan pul kəsir. Yəni Cənub qonşumuz həmin dövr ərzində min trilyondan çox pul çap edib.  Hətta indiki kursla 500 min reala bir dollar düşür. Bunun əziyyətini isə əhali və iqtisadiyyat çəkir. Nəticədə də Parlament sədri Məhəmməd Qalibafın müdafiəsinə baxmayaraq, Mirkazemi qurban verildi".
 T.Rzayev əlavə edib ki, bu istefalar məcburi gedişdir:
"Sadəcə İranda çox böyük iqtisadi problemlər var və iqtisadi çöküşün qarşısını almaqda hökumət acizdir. Yəni əhalidən gələn təzyiqlərə hökumət tab gətirə bilmir. Belə bir zamanda Mirkazeminin hazırladığı büdcə parlamentdən müqavimətsiz keçməsinəə baxmayaraq, həqiqətə yaxın deyil. Təsəvvür edin ki, təkcə neft gəlirindən 43.3 milyard dollar yazılıb və İranın günlük neft hasilatı 1.4 milyard barel, orta qiymət isə 85 dollar götürülüb. Halbuki sanksiyalara görə Cənub qonşumuzun neftinin böyük hissəsini ixrac edə bilmir. Qiymət isə göstəriləndən çox aşağıdır. Yəni belə bir vəziyyətdə absurd rəqəmlər yazmaq və bunu büdcənin yerinə yetirilməsi kimi sırımaq mümkün olmadı. Bunlar açığa çıxdığı üçün İran hökuməti Mirkazemini istefaya göndərməyə məcbur qaldı".