“İrəvan heç bir ölkəyə ərazi iddiasının olmadığını açıqladıqdan sonra Ermənistan və region üçün sülh gələcək”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib. Onun sözlərinə görə, sülhə nail olmaq - dörd qonşu ölkə ilə normal münasibətlərin olması deməkdir. Burada söhbət Gürcüstan və İranla əməkdaşlığın daha da dərinləşdirilməsindən, Türkiyə və Azərbaycanla isə münasibətlərin normallaşdırılmasından gedir.
Paşinyan əminliyini bildirib ki, vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin funksiyasıdır. İrəvan onlara rəhbərliyin düşüncə tərzini və motivasiyasını aydın şəkildə çatdırmalıdır. İnsanlar anladıqdan sonra bu qərarlarla razılaşacaqlar.
Ermənistan hakimiyyətinin hər zaman belə açıqlamalar verdiyini deyən politoloq Tofiq Abbasov "Sherg.az" a bildirib ki, Paşinyanın əsas məqsədi beynəlxalq birliyə köklənməkdir:
"Onlar beynəlxalq aləmi inandırmağa çalışırlar ki, guya Ermənistan çox nəcib siyasət yeridir və regiondakı sabitliyi inkişaf etdirməyə çalışır. Lakin bu sözlərin arxasında reallığı əks etdirən heç bir addım yoxdur. Yəni Paşinyanın açıqlamaları sadəcə söz xətrinə deyilmiş ifadələrdir.
Erməni baş nazirin ciddiyyətlə bağlı problemi var. O hər zaman gördüyü işlərlə dediklərini təkzib edir və inanılmağa layiq deyil. Ümumiyyətlə, ciddi siyasətdə belə oyunbazlığa rəğbət yoxdur. Həmçinin Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı niyyəti, heç bir reallıqla uzlaşmır".
Analitikin sözlərinə görə, Rusiyadakı müharibədən qaçan miqrantların kapitallarını Ermənistana gətirməsi Paşinyana cəsarət verir:
"Düzdür, bu hal Ermənistanın iqtisadi cəhətdən az da olsa, dirçəldib və bunu beynəlxalq təşkilatlar da təsdiqləyir. Lakin artım təsadüfidir və sistemli deyil. Çünki bu Ermənistan hökumətinin təşəbbüsü ilə olmayıb. Məsələ isə rəsmi İrəvanın eyforiyaya qapılmasına səbəb olur. Bu isə yalançı ruh yüksəkliyidir. Məsələnin sonunu təxmin etmək çətindir. Ümumiyyətlə Paşinyan hakimiyyəti açıqlamaları ilə dünya birliyini islahatların uğurlu olduğuna və bölgədə sülh istədiyinə inandırmaq istəyir. Ancaq bunlar yalandır və Azərbaycan tərəfi bu açıqlamalara inanmır. Ümid edirəm ki, Türkiyə tərəfi də belə açıqlamalara büruzə verməyəcək".