Ermənistan Rusiyanı sanksiyalardan yayındırır! – “Bu cinayətdir” – Dünya niyə susur?

“The New York Times” qəzeti martın 24-də ABŞ və Aİ-nin yüksək vəzifəli vergi və ticarət rəsmilərinin görüşündə səslənən faktları açıqlayıb. Məlumatlara görə, Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunur.  
Qeyd edək ki, söhbət Rusiyanın Ukraynanı vurduğu raketlər də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çiplərin və digər elektron cihazların kütləvi satışından gedir.
ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədinə görə, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Sənəddə deyilir ki, daha sonra Ermənistan həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib.

Bundan əvvəl 2022-ci ildə Vyetnamdan Ermənistana ixracatın 380 faiz, Yaponiyadan 252 faiz, Qazaxıstandan 201 faiz, Hindistandan 190 faiz, Fillipindən 181 faiz, Cənubi Koreyadan 102 faiz artdığı məlum olub. 
Xatırladaq ki, 2022-ci ildə Aİ-dən Ermənistana ixrac 70 faiz artıb.

Bütün bu faktlar isə Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas mərkəzlərdən biri olduğunu sübut edir.
Məsələyə münasibət bildirən STM-in Mətbuat Xidmətinin rəhbəri beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli "Sherg.az"a vurğulayıb ki, bu hesabatlardan kənarda dövlətlərin qeyri-qanuni şəkildə silahlanmanı qəbul etməsi proqramı birbaşa cinayətdir:

"Söhbət ABŞ-dan gedirsə, rəsmi Vaşinqtonun Azərbaycanla bağlı siyasəti nə idi ki? Hələ 1990-ci illərdə Azərbaycanın əraziləri işğal olunurdu, onlar tərəfindən isə bizim əleyhimizə 907-ci silah satmama ilə bağlı qanun layihəsi qəbul olundu. Yəni məsələnin mahiyyəti budur”. 

Ermənistana silah verilməsinə gəlincə, ekspert diqqətə çatdırıb ki, dünyanın bütün ölkələrindən onlara silah tədarük olunur:

“İndiki məqamda üçüncü ölkələr anlayışı daha çox istifadə edilir. Məsələn Azərbaycan tərəfi Serbiya ilə müttəfiq idi və açıq şəkildə mövqe bildirdi ki, Ermənistana silah satılmasın. Lakin onların müharibə dönəmində Ermənistana silah satmaq faktı aşkar olundu. Yəni bu faktlar çoxdur və cinayət tərkiblidir. 

Ermənistanın da etdiyi budur. Ümumiyyətlə rəsmi İrəvana qarşı belə məqamlarda təzyiqlərin olduğunu görmürük. Buna nail olmaq üçün, beynəlxalq aləmdə bir sıra stereotipləri qırmaq lazımdır. Erməni lobbisinin qabağına çıxa biləcək güc yoxdur. 

Senatorların böyük bir hissəsi pul qarşılığında erməni lobbisinə xidmət edir. Ona görə də onlara təzyiq edəcək və qarşılarını alacaq heç bir güc yoxdur".