“Ermənistan işğalçı Rusiya üçün təchizatçı rolunu oynayır"

“The New York Times” qəzeti martın 24-də ABŞ və Aİ-nin yüksək vəzifəli vergi və ticarət rəsmilərinin görüşündə səslənən faktları açıqlayıb. Məlumatlara görə, Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunur.  

Qeyd edək ki, söhbət Rusiyanın Ukraynanı vurduğu raketlər də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çiplərin və digər elektron cihazların kütləvi satışından gedir.

ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədinə görə, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Sənəddə deyilir ki, daha sonra Ermənistan həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib.

Bundan əvvəl 2022-ci ildə Vyetnamdan Ermənistana ixracatın 380 faiz, Yaponiyadan 252 faiz, Qazaxıstandan 201 faiz, Hindistandan 190 faiz, Fillipindən 181 faiz, Cənubi Koreyadan 102 faiz artdığı məlum olub. 
Xatırladaq ki, 2022-ci ildə Aİ-dən Ermənistana ixrac 70 faiz artıb.


Bütün bu faktlar isə Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas mərkəzlərdən biri olduğunu sübut edir.
Məsələyə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, sadalanan faktlar Ermənistan adlı müstəqil bir dövlətin olmadığını deməyə imkan verir:

"Çünki biz hər gün erməni rəsmilərinin dilindən "Böyük və Güclü Ermənistan" kimi cəfəngiyyatlar eşidirik. Lakin Şərqlə, Qərb arasındakı mübarizədə Ermənistanın aldığı roldan yola çıxaraq deyə bilərik ki, müstəqil Ermənistan dövləti bir ütopyadır. Yəni belə bir dövlət formal olaraq mövcuddur. 

Ən maraqlısı odur ki, onlar hələ də Qərbin və ya Şərqin əlaltısı olduğunu yəqin edə bilmir. Yəni ABŞ və Rusiya arasında qalıblar. 

Amma faktlar onu göstərir ki, Ermənistan daha çox Kremlin nəzarətində olan bir ərazidir. Ona görə ki, rəsmi İrəvan Avropa və digər ölkələrdən aldığı texniki vasitələri Rusiyaya satır. Həmçinin vaxtilə bizi Qarabağdakı ermənilərin hüquqlarını pozmaqda ittiham edən Ermənistan, özü insan hüquqlarını pozur. "Xilaskar" Ermənistan Ukraynanı işğal etmək niyyətində olan Rusiya üçün təchizatçı rolunu oynayır".

Ekspert qeyd edib ki, “Ermənistana niyə təzyiq edilmir?!” sualının çox sadə izahı var:

"Qafqaz elə bir regiondur ki, bütün dünyanın ən böyük güclərindən tutmuş, orta səviyyəli dövlətlərinə qədər beynəlxalq siyasətdə yeri olan ölkələrin bu regionda maraqları həddindən artıq çoxdur. Belə olduğu halda bütün tərəflər Qafqazda söz sahibi olmaq üçün, regionun üç dövləti ilə də əlaqələr qurmağa məcburdur. Yəni həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanla münasibətlər normal saxlanılmalıdır. 

Çünki hər üç ölkənin Qafqaz həyatında rolu var və tərəflər bunu nəzərə alırlar. Məhz bu səbəbdən də qlobal güclər Ermənistanın nazını çəkirlər. Digər tərəfdən isə dünyanın ən güclü ölkələrində erməni lobbisinin fəaliyyəti də nəzərə alınmalıdır. Çünki bu lobbi çox güclüdür və təsirlərindən istifadə edərək Ermənistan dövlətinin atdığı bütün radikal, beynəlxalq hüquqa zidd addımlara rəğmən gözdən çıxarılmasına imkan vermir. Xüsusən ABŞ və Fransa kimi ölkələrdə əsas söz sahibi dairələrdən birinə çevrilmiş erməni lobbisi bu proseslərdə də öz sözünü deyir".

 H.Səhrablının sözlərinə görə, Ermənistan düşdüyü çətin situasiyada havadarlarına arxayın olmaq məcburiyyətində qaldığı üçün ikili oynayır:

"Çünki rəsmi İrəvan öz gücünə heç nəyə nail ola bilməyəcəyini yaxşı dərk edir. Digər tərəfdən isə hələ qərar verə bilmir ki, onu bu çətin vəziyyətdən Rusiyamı, yoxsa Qərbmi xilas edəcək. 

Bu səbəblə də məcbur ikitərəfli oynayır ki, həlledici məqam yetişənə qədər hər iki güc mərkəzi ilə əlaqələrini normal saxlasın. Rusiyaya dəstək də məhz Kremli itirməmək üçündür".