O gün bu gündür! - "Seperatçılar Rusiyaya yalvaracaq"  - AKTUAL ŞƏRH

"Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisədir. İkinci Qarabağ müharibəsindən sonra ikinci böyük uğurumuz sayıla bilər".

Bunu "Sherg.az"a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.



Politoloq Azərbaycanım suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına münasibət bildirib:

"İrəvan xanlığı dövründə biz həmin torpaqlara sahib olduğumuzdan sərhədə ehtiyac yox idi. Rusiya imperiyası dağıldıqda və bolşeviklər tarixi torpaqlarımızda Ermənistan dövlətinin təsisinə icazə verdikdə SSRİ yaradıldığına görə yenə də sərhəd olmadı. SSRİ dağıldıqda sərhəd yaratmağa macal tapmadıq, təcavüzlə üzləşdik, müstəqillik illərində Ermənistanla Qarabağ istiqamətində sərhədimiz olmadı. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin əsas səbəbi məhz sərhədin olmamasıydı. O gün bu gündür. 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Gorus-Laçın istiqamətində sərhəd-keçid məntəqəsinin yaradılacağını gözləyirdi. Paşinyan Zəngəzur dəhlizinin açılmasını yubatdığına görə biz də Laçın yoluna girişi nəzarətə götürdük. Paşinyan hökumətinin etirazı nəzərə alınmayacaq. Ermənistandakı radikallar və Qarabağ separatçıları Rusiyaya yalvaracaqlar ki, Kreml sərhəd-keçid məntəqəsinin yaradılmasının qarşısını alsın. Ancaq Ukrayna bataqlığı içərisində olan Kremlin erməni separatçılarına görə Azərbaycanla münasibətləri gərginləşdirəcəyini – bütün körpüləri yandıracağını zənn etmirəm. Fransa və ABŞ-ın ermənipərəst dairələri bir az haray-həşir salacaqlar, onların da çığırtısı mənasızdır. Məntiqimiz sadədir: Hər  dövlətin sərhədi və sərhəd-keçid məntəqələri olduğu kimi Azərbaycanın da qonşu dövlətlərlə sərhəd-keçid məntəqələri yaratması suveren hüququdur. Vəssəlam".


Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.