Fransanın xarici işlər naziri Katrin Kolonna aprelin 26-28-də Azərbaycanda və Ermənistanda səfərdə olacaq.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, fransalı diplomat Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Səfəri "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, səfərlə Fransa və Azərbaycan arasında yaranmış gərginliyin qarşısını almağa çalışırlar:
"Çünki bu getdikcə təhlükəli hal almağa başlayıb. Demək olar ki, bu ölkələr arasındakı əlaqələr geriyə dönməz şəkildə zədələnib. Buna görə Azərbaycanda olduğu kimi Fransada da narahatlıq keçirirlər. Ona görə ki, Fransa-Azərbaycan münasibətləri uzun illər hamar səthdə inkişaf edib. Hətta Fransa hökuməti tərəfindən Azərbaycan rəhbərliyinə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dövlət mükafatları verilib. Amma Qarabağ müharibəsindən sonra iki ölkə arasındakı münasibətlər kəskin formada pisləşdi. Biz həmin dövrdə rəsmi Parisə dəfələrlə xəbərdarlıq etdik. Hətta Fransa açıq şəkildə Azərbaycan prezidentinə sanksiyalar tədbiq edəcəyi barədə hədə-qorxu gəldi. Biz isə bunlara boyun əymədik. Müharibədən sonra isə münasibətlərin normallaşması üçün addımlar atılmağa başlandı. Yəni Fransaya göstərdik ki, biz təhdid dili ilə danışılacaq ölkə deyilik. Bundan sonra isə Fransa bölgəyə daha ədalətli yanaşmağa çalışdı. Ən azından Avropa İttifaqı bu şəkildə həyata keçirdi. Brüssel formatı ortaya atıldı və bildirildi ki, Ermənistana 2.6 milyard avro ayrıldığı halda, Azərbaycana da 2 milyard avro ayrılacaq. Yəni hardasa bir barış gözləyərək, məsələyə neytral yanaşmağa çalışdılar".
Analitikin sözlərinə görə, Praqa görüşlərindən 2 gün sonra rəsmi Paris Azərbaycan əleyhinə gözlənilməz şəkildə qəti addımlar atdı:
"Yəni Azərbaycana qarşı parlamentdə qətnamələr qəbul edildi. Fransa Senatı gah Qarabağın müstəqilliyi ilə bağlı sənəd hazırladı, gah da Azərbaycanın neft-qaz ixracatına qarşı sanksiyalarla bağlı çağırış etdi. Bu isə mövcud vəziyyəti daha da pisləşdirdi. Münasibətlərin düzəldilməsi üçün isə imkanlar təbii ki, var. Əlbəttə, Azərbaycan dövləti və cəmiyyəti birbaşa Fransanın səmimiyyətinə etimad etməyəcək. Amma zamanla bunu formalaşdırmaq olar. Düşünürəm ki, rəsmi Paris açıq şəkildə Azərbaycanla təhdid dilində danışmağın qeyri-mümkün olduğunu başa düşməlidir. Digər tərəfdən Qarabağ məsələsində ən azından neytrallığını qorumalıdır. Biz Fransadan Azərbaycana tərəf olmağını istəmirik. Lakin onun açıq şəkildə Ermənistanı dəstəkləməsi əlaqələrə ciddi zərbə vurur. Təsəvvür edin ki, Paşinyan belə təxribatlar zamanı onun yox, xarici qüvvələrin əmirlərinin icra edildiyini etiraf edir. Bu etirafdan sonra isə Fransa XİN-i açıqlama verdi ki, Azərbaycan Ermənistana "təcavüz" edib, Ermənistan tərəfi də bu "təcavüzün" qarşısını almağa çalışırlar. Belə açıqlamalar isə əlaqələrin normallaşmasının qarşısını alır. Buna görə də tezliklə münasibətlərin bərpa ediləcəyini düşünmürəm".