“Yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə ötən ilin noyabrından bəri fiziki təmaslar olmayıb: “Ancaq beynəlxalq təşkilatların təkidi nəticəsində yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir. Nəqliyyat-kommunikasiya xətlərinin açılması və delimitasiya prosesi olduqca vacib məsələdir”.
Rəsmi İrəvanın danışıqlar masasına qayıtmasının təkcə Nikol Paşinyandan asılı olmadığını deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a vurğulayıb ki, bu həm də Ermənistan üzərində ağalıq etmək istəyən Qərb və Rusiya mübarizəsinin nəticəsindən asılıdır:
"Əslində əvvəllər Paşinyanın nala-mıxa vurmağı ABŞ və Kreml rəqabəti konteksin dən qiymətləndirilirdi. İndi isə artıq o üç stulda oturmağa məcburdur. Bunlar ABŞ, Rusiya və Aİ-dir. Bunlardan hər üçünün regionla bağlı maraqları var və onlar başa düşürlər ki, bölgədə mövcud olmaq üçün yalnız Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsi kartından istifadə edə bilərlər. Rusiyaya nisbətən Qərb müqavilənin bağlanmasına daha maraqlıdır. Çünki Qərb sakitliyin olması ilə iqtisadi maraqlarının təmin edilməsinin tərəfdarıdır. Rusiya isə əksinə, gərginlik olmasa, regiondakı mövcudluğunu qoruya bilməyəcəyini düşünür. Lakin Vaşinqton və Brüssel də heç “süddən çıxmış ağ qaşıq” deyil. Paşinyanın hansı mövqe sərgiləyəcəyi də bu rəqabətin nəticəsindən asılıdır. Məncə, Paşinyan sülh müqaviləsində maraqlıdır. Əks halda belə cəsarətli addımlar atmazdı. Hər kəsə məlumdur ki, o Qərbin layihəsidir. Bu mənada cəsarətli bəyanatlar verməyi də təəccüblü deyil".
Analitikin sözlərinə görə, Rusiyanın regiondakı təsir gücünün zəifləməsi fonunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi istiqamətində müəyyən addımlar atıla bilər:
"Paşinyan nə qədər vaxt uzatmaq istəsə də, artıq vəziyyət gərginləşir. Bıçaq sümüyə dirənib. Hətta Ermənistan mətbuatı yazır ki, o, parlamentə mühafizəçilərlə gedir və sui-qəsd ehtimalından narahatdır. Bu da təbiidir. Üç stulda oturmağa davam etdikcə onun həyatı da, hakimiyyəti də təhlükədə olacaq. Həm Rusiya, həm də Qərb Paşinyan üzərində təzyiq qurmaq üçün istənilən üsuldan istifadə etməyə hazırdır".
K.Novruzov əlavə edib ki, yaxın zamanda Rusiya və ABŞ da üçtərəfli danışıqların olması gözləniləndir:
"Hər halda danışığın olmasının özü bir nəticədir. Bu il ciddi nəticələri müşahidə edə bilərik. Hətta Türkiyədəki seçkilərə qədər həm hərbi, həm də diplomatik sahədə ciddi hadisələrin şahidi olacağımız mümkündür".