Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma keçib. Rusiya hərbçiləri bəzi mövqeləri tərk edib.
Bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general Aleksandr Sırski bildirib.
"Rusiya tərəfi "Vaqner" və digər özəl hərbi qruplaşmaların yeni döyüşçülərini, desantçıları döyüşlərə cəlb edib. Vəziyyət mürəkkəbdir. Lakin Rusiya qüvvələri şəhəri tuta bilmir", - Sırski deyib.
Bu arada bəzi KİV-lər yazır ki, ruslar mayın 9-dan əvvəl Baxmutu ələ keçirmək istəyir. Qeyd olunur ki, Putin mayın 9-da müharibənin bitdiyini və “Xüsusi Döyüş Əməliyyatı"nın bütün məqsədlərinə nail olunduğunu" bəyan edəcək.
Məsələyə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, rusların döyüş bölgəsində vəziyyəti yaxşı deyil:
"Baxmutun böyük bir hissəsinin Rusiyanın nəzarəti altında olması ilə bağlı məlumatlar yayılıb. Lakin bu həqiqəti əks etdirmir. Çünki əsl reallığı Priqojin açıqlayıb. O bildirib ki, "Vaqner" tezliklə Baxmutdan geri çəkilmək məcburiyyətində qalacaq. Çünki müqavimət göstərmək üçün silah-sursat və texnika yoxdur. Bu isə Rusiyanın cəbhədə Ukrayna silahlı qüvvələri ilə vuruşmaq üçün imkanının zəif olduğunu göstərir".
Ekspert əlavə edib ki, Ukrayna ordusuna NATO-nun yetərincə silah verməsi və 9-12 briqadanın əks-hücuma hazırlaşması fonunda, rəsmi Kiyevin müharibənin taleyini həll etmək imkanın yüksəkdir:
"Putinin 9 mayda qələbə paradı keçirmə istəyi isə keçən il də olmuşdu. Ancaq proseslər onu deməyə imkan verir ki, onun arzusu ürəyində qalacaq və qələbə paradını uzun müddət gözləmək məcburiyyətində olacaq"