Türkiyə tarixinin ən mühüm seçkilərinə sayılı günlər qalıb.
Ölkənin hər yerində mitinqlər keçirilir, küçələrdə böyük fəallıq müşahidə olunur.
Bu prosesdə prezidentliyə və deputatlığa namizədlərin gərgin qrafiki nəzərə çarpır.
Prezident Rəcəb Tayyib Ərdoğan bir tərəfdən proqramlarını davam etdirərkən coşğulu izdihamla görüşür.
"Sherg.az" xəbər verir ki, bugünkü dayanacaq isə Hacı Bayram Vəli Universiteti Konqres və Mədəniyyət Mərkəzində keçirilən Memur-Sən Baş Assambleyası olub.
Burada mühüm açıqlamalar verən prezident Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun əhaliyə verdiyi vədlərinə toxunub:
"Dünən axşam Kılıçdaroğlu, minimum əməkhaqqı üzərindəki verginin qaldırılmasından bəhs etdi. İnsan öz ölkəsindən, millətindən necə bu qədər xəbərsiz ola bilər?
Bilirsiniz, bir deyim var, "oyan, get balıq tut". Artıq 1,5 ilə yaxındır ki, minimum əmək haqqını vergidən kənar qoymuşuq, "bay-bay" Kamal! (Oxu. Ərdoğanın müxalifətə verdiyi şüar)
2022-ci ildə həm minimum əmək haqqını, həm də minimum əmək haqqına bərabər olan digər muzdluların gəlirlərini vergidən azad etdik.
Görünən odur ki, bu adam gündəmi izləmir, işləyən qardaşlarımız üçün nə etdiyimizi araşdırmır, qarşısına qoyulan kağızları sorğu-sualsız oxuyur.
İnşallah, mayın 14-də tragikomik vəziyyətlərə son qoyacağıq. Görünür, təqaüd vaxtı gələn Kılıçdaroğlunu siyasətdən uzaqlaşdıracağıq.
Beləliklə, onu, CHP seçicilərini və millətimizi işgəncədən xilas edəcəyik".