Ermənistanın Avropa Birliyi ilə birtərəfli əlaqələr yaratması düzgün deyil  - Səməd Seyidov 

Rusiya rejimi, rus hökuməti Ermənistanı tərk etdi.
Bunu Almaniya Bundestaqının Beynəlxalq əlaqələr komissiyasının sədri Mixael Rott İrəvandakı çıxışında deyib.
Rusların AB-nin Ermənistandakı missiyasının Rusiyanı bu ölkədən çıxarmaq olduğu ilə bağlı açıqlamalarına cavab verən Rott bildirib ki, Rusiya xarici işlər naziri özünün sonsuz imperialist xarici siyasətini davam etdirir və Kremlin təbliğatını yayır.
Onun sözlərinə görə, AB missiyası Ermənistanda rəsmi İrəvanın istəyi ilə yerləşib:
“Biz öz xoşumuzla erməni xalqının təhlükəsizliyini təmin etməyə gəlməmişik. Biz işğalçı deyilik, Ermənistan hökuməti ilə əməkdaşlıq edərək regionda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə veririk. Regionda rus qoşunları, ağır hərbi texnikaları var, biz isə onlardan fərqli olaraq mülki missiyayıq”.

Məsələyə münasibət bildirən millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a vurğulayıb ki, birtərəfli addımlar sülh prosesinin təminatına heç də xeyir gətirmir:

"Çünki sülh prosesi ikitərəfli olmalıdır. Məsələn biz daima delimitasiya və Qarabağda yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin mövcudluğu haqqında danışırıq. Ancaq qarşı tərəf bu istiqamətdə heç bir addım atmır. Ona görə də sülh prosesi istədiyimiz yöndə getmir. Düzdür danışıqlar gedir və razılıqlar var. Ancaq konkret addımlar hələ istədiyimiz səviyyədə deyil. Eyni şəkildəki vəziyyət Avropa Birliyi ilə də bağlıdır. Yəni Ermənistanın Avropa Birliyi ilə birtərəfli əlaqələr yaratması düzgün deyil. Bu ümumi proses formasında olmalıdr və biz də onun tərəfdarıyıq".