Reinteqrasiya istəməyənlər indidən yola çıxsınlar!  - "Sülhə məcburetmə" əməliyyatı  

“Reinteqrasiya istəməyənlər indidən yola çıxsınlar, getsinlər”

Tofiq Abbasov: “Qarabağın normal erməni sakinləri qurban olduqlarını dərk ediblər, onlar isə Azərbaycan vətəndaşlığını qəbul edərək qala bilərlər”

“Biz bir qədər dözmüşük, bir az da dözəcəyik, axır əvvəl həll olunacaq”

Son günlər yaradılmış süni gərginlik fonunda həm erməni rəsmilər, həm media, həm də ekspertlər Bakı ilə Qarabağdakı ermənilər arasında dialoqun baş tuta biləcəyinə dair iddiaları tirajlayır. Ermənistan ictimaiyyəti isə hələ Bakının legitim addımlarına konkret cavablar vermir.  Önəmli dəyişikliklərin baş verdiyi getdiyi ərəfədə Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində sərhədlərin gələcək parametrlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası, sülh sazişinin imzalanması ilə bağlı mühüm nüanslara toxunub. Müsahibə zamanı prezidentin Qarabağ erməniləri ilə bağlı dedikləri diqqət çəkir:
“Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar.
Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, - İlham Əliyev qeyd edib.
Prezidentin qeyd etdiyi təhlükəsizlik təminatları, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqları bu gün Qarabağ ermənilərini ən çox narahat edən məsələlərdir. Rəsmi Bakı ermənilərin bu narahatlığını yaxşı bilir. 


Politoloq Tofiq Abbasov "Sherg.az"a müsahibəsində bildirib ki, Qarabağda yaşayan ermənilər anlamalıdır ki, onların iki yolu var. Ya onlar Azərbaycanın idarəetməsini qəbul edib, reintqrasiya olmalı, ya da bu ərazini tərk etməlidirlər.

- Manipulyasiyanın girovu olan Qarabağ ermənilərindən reinteqrasiya prosesi ilə bağlı gözləntiləriniz nədir?
 
- Ermənilərin üzərində qondarma rəhbərləri araiklər, simonyanlar, balasanyanlar olmasa çoxdan inteqrasiyaya “hə” demişdilər. Onlar öz imtiyazlarını əldən vermək istəmirlər. Xaricdən həm maliyyə, həm silah-sursat alırlar, eləcə də,  varlanırlar və rəhbərliklərini qoruyurlar. Prezident də müsahibəsində Qarabağın erməni sakinlərinin gözlərini açmağa səsləyir. Tez bir zamanda məsələ həllini tapacaq, reinteqrasiyanın alternativi yoxdur. Əgər quldur dəstələrinin başçıları “qırmızı xətt”i keçib hədlərini aşsalar, Azərbaycan onların başını əzəcək.  Çünki həmin ərazilər Azərbaycanın suveren torpaqlarıdır. Orada yaşayan kiçik erməni icmasının müqəddəratından söhbət gedə bilməz. Kim ki müqqəddəratını həll etmək istəyirsə, rədd olub Ermənistanda yaşasın. Əks halda Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Biz bir qədər dözmüşük, bir az da dözəcəyik, axır əvvəl həll olunacaq.

- Dövlət başçısı deyib ki, “ Avropa İttifaqı Şurasının Prezidentinin təşkil etdiyi Brüsseldəki görüş çox həssas məsələlərə toxunmaq imkanını verir”.  Hansı formatda keçirilən görüşü məhsuldar hesab edirsiz?

- Ümumiyyətlə, mövcud olan üç danışıq platformalarının hər birinin müəyən çatışmazlıqları var
Rusiya danışıqlara ciddi yanaşmırdı, lakin müharibə dövründə nisbətən sağlam mövqe sərgilədi. BMT Təhlükəsizlik Şurasının  qətnamələrini yerinə yetirməyə mane olmadı. 
 Brüssel görüşü hazırda liderliyini qoruyur. Çünki onların yanaşmasında praqmatizm üstündür. Söhbət həqiqətin müdafiəsindən gedir. Ermənistanda Şarl Mişelin adını “ingilis casusu” qoyublar. Deyirlər ki, guya, o ingilislərə işləyir, çünki İngiltərənin mövqeyi praqmatiq hal alıb.

 - Son hadisələrdən məlum oldu ki, Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. BQXK-nın fəaliyyətini necə dəyərləndirirsiz?

- BQXK humanitar təşkilatdırsa, siyasi proseslərə müdaxilə etməməlidir. Seperatçılarla əlbir olmamalı, qaçaqmalçılığa şərait yaratmamalıdır. Təşkilat  reputasiyanı qoruyub saxlamaq istəyirsə, belə addımlardan uzaq durmalıdır. Azərbaycan dövlətinin məramı və istəyi birdir. Proseslərin iştirakçısı kimi Azərbaycanda yerləşən BQXK nümayəndələyi cəlb olunmalıdır, onlar yox”.

 - Ermənistanın təxribatlar törədərək vəziyyəti gərginləşdirməsinə rəğmən sülh danışıqlarının uğurlu bir ssenari ilə yekulaşmasına dair fikirləriniz nədir?

-Sülh üçün şəhidlər vermişik, resurs xərcləmişik. Lazım gəlsə, antiterror əməliyyatı həyata keçiriləcək. Hətta, bu “sülhə məcburetmə” əməliyyatı olacaq. Ya tələblərimizi yerinə yetirəcəklər, ya da rədd olub gedəcəklər. Reinteqrasiya istəməyənlər indidən yola çıxsınlar. Normal sakinlər qurban olduqlarını dərk ediblər, onlar isə Azərbaycan vətəndaşlığını qəbul edərək qala bilərlər.